Ekoklub üzvlərinin “Yarat” Rəngkarlıq Muzeyinə ekskursiyası
Bakı şəhəri Mikayılı Müşfiq adına 18 nömrəli tam orta məktəbin “Ekoklub” üzvlərini 1 dekabr 2021-ci il tarixdə “Yarat” Müasir İncəsənət Məkanının Rəngkarlıq Muzeyinə ekskursiyada iştirak etmişlər. Azərbaycan Respublikasının xalq rəssamı Mir Nadir Zeynalovun yaradıcılığına həsr olunmuş “Mistik ruhun ömrü” adlı retrospektiv sərginin ekspozisiyası ilə tanış olmuşlar.
Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Mir Nadir Zeynalovun doğulub böyüdüyü Abşeronun mənzərələrini və sənətkarın mistik ruhunun ölməzliyini əks etdirən sənət əsərlərini ekoklub üzvləri böyük maraqla seyr etmişlər. Rəssamın "Tək ağac", "Köhnə kənd" "Çay kənarı", "Hind məbədi", "Hind həyəti" kimi peyzajları, "Benqal qızı", "Vasantanın portreti", "Müqəddəs öküz ilə qız" kimi bir sıra portretləri və digər janrlarda yaradılan rəsmlər barədə uşaqlara geniş məlumat verilmişdir. Bir neçə tematik zalda nümayiş etdirilən abstrakt rəsmlər, müxtəlif tullantı materiallardan istifadə edilən yaradılan klassik kətan əsərləri gənc ekoloqların diqqətini xüsusilə cəlb etmişdir. Rəssam Xəzərin sahillərində rast gəldiyi plastik qabları və digər tullantı materialları tablolarda yerləşdirməklə sanki insanlara çağırış edib, yaşadığımız dünyanın təmizliyini və gözəlliyini qorumağa səsləmişdir. Ekoklub üzvləri bələdçilərin suallarını cavablandıraraq, tullantılardan azad həyatın üstünlüyünü, təkrar emalın və ətraf mühitin qorunmasının vacibliyini vurğulamışlar.
Ekspozisiya haqqında məlumat verildikdən sonra şagirdlər interaktiv çalışmaları yerinə yetirmişlər. Sərgi iştirakçıları təqdim olunan rəsmlər və suallar əsasında xüsusi paylama vərəqlərində əks etdirilən sənət əsərlərini axtarıb tapmaqla öz yaddaş və təxəyyül imkanlarını sınaqdan keçirmişlər. Maraqlı müzakirələr, sual-cavab vasitəsilə uşaqlar bir daha tarixi keçmişimizə qayıdaraq sənət əsərlərinin yarandığı mühitin ab-havasını yaşamışlar. Xalqımızın milli-mənəvi dəyərlərini və təbiəti əks etdirən tablolar gənc ekoloqların təsviri incəsənət sahəsində biliklərini artırmaqla yanaşı təbiətə bağlılığın, ətraf mühitə qayğıkeş və humanist münasibətin yaşadılmasının vacibliyini göstərmişdir. Ekoklub üzvləri zəngin təəssüratlar və xatirə foto-şəkilləri ilə sərgidən ayrılmışlar