“Narkomaniya-gələcəyi olmayan həyat” mövzusunda dəyirmi masa keçirildi
25.11.2021-ci il tarixdə Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “ Narkomaniya gələcəyi olmayan həyat” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada müəllimlər, psixoloqlar, yuxarı sinif şagirdləri iştirak edirdilər. Dəyirmi masanı giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Rəvanə Məmmədova açdı. Sonra dəyirmi masada narkomaniya ilə bağlı video-çarx nümayiş etdirildi. Məktəbin psixoloqu Arzu Məmmədova iştirakçılara “Narkomaniya-gələcəyi olmayan həyat” mövzusunda ətraflı məlumat verdi. Bildirildi ki, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla yanaşı, həm də sosial inkişafa mənfi təsir göstərir. İnsanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına təkan verir. Narkotik maddələrdən asılılığın törətdiyi fəsadlar, insanın psixi və mənəvi inkişafına vurduğu sağalmaz yaralar elmi təhlillərin nəticələrinə və həyati nümunələrə əsaslanaraq şagirdlərə çatdırıldı. Məktəbin direktoru Rəna Süleymanova mövzu ilə bağlı şagirdlərə faydalı məlumatlar verərək bildirdi ki, yetişməkdə olan gənc nəsil sağlam gələcək naminə narkomaniyanın fəsadları haqqında geniş məlumata malik olmalıdırlar. Bu baxımdan məktəblərdə davamlı maarifləndirmə işinin aparılması, şagirdlərin mövzu ilə bağlı məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir. 53 nömrəli məktəbin psixoloqu Ləman Quliyeva mövzu ətrafında müzakirələrə qoşularaq şagirdlərə narkomaniya bəlasından qorunmaqla bağlı faydalı tövsiyələr verdi. Sonra şagirdlərə “Narkomaniyaya YOX deyək!” mövzusunda işləmələri üçün tapşırıqlar verildi.