"Burada şəhid adlı bir oğul yatır" adlı tədbir
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir! Vətənin azadlığı, suverenliyi, parlaq gələcəyi uğrunda son damla qanına qədər vuruşan, canından keçən, şəhid olan bütün oğullarımızı daim anmağa, onları yad edib xatirələrini yaşatmağa borcluyuq. Gələcək nəsillərin keçmişindən xəbərdar olmaqları, onlara qalmayan azadlıq müharibəsinin tarixi və bu tarixi yazanları barədə hər zaman məlumatlı olmaları üçün məktəbimizdə “Unudulmayanlar” silsiləsindən olan tədbirlər keçirilir.
Vətən müharibəsinin şəhidlərindən olan Aqşin Novruzovun əziz xatirəsinə hörmət əlaməti olaraq məktəbimizin sinif otaqlarından birinə onun adı verilmişdir. Məhz adını daşıdığı sinfin: 3ç sinif şagirdlərinin onun şəhidlik zirvəsinə yüksəlişinin ildönümü ilə bağlı təşkil etdikləri tədbir böyük maraq və rəğbətlə qarşılandı. Tədbirdə məktəbin direktoru, direktor müavinləri və bir sıra qonaqlar iştirak edirdilər. Tədbirə dəvət edilmiş şəhidin anası hazırlanmış video-rolik, şeir kompozisiyalarından təsirləndiyini dilə gətirərək oğlunun adını daşıyan sinfin şagirdlərinə və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Şagirdlərin qəhrəman şəhidin döyüş yolu barədə araşdırmaları və təqdim etdikləri video-roliklər ananı daha da qürurlandırdı. 3-cülərin A. Novruzovun uşaqlığı, məktəb illəri barədə ünvanladıqları suallar şəhidimizin anası tərəfindən cavablandırıldı. Sonda o, şagirdlərə vətəni sevməyi, Aqşin kimi qorxmaz, məğrur, igid, mərd olmağı, düşmənin gözünə dik baxmağı, tariximizi mükəmməl öyrənib ona sahib çıxmağı tövsiyə etdi.