“Sinəmdə sağalmayan yaram var” adlı onlayn tədbir keçirildi
Bu gün məktəbimizdə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Sinəmdə sağalmayan yaram var” adlı onlayn tədbir keçirildi. 7a sinif şagirdlərinin, müəllimlərinin, müdiriyyətin və qonaqların da iştirak etdiyi tədbir faciə qurbanlarının xatirəsinin sükutla yad edilməsi ilə başladı. Sonra Xocalı faciəsinin tarixindən və baş vermə səbəblərindən bəhs edildi. Tədbirə xüsusi qonaqlar dəvət edilmişdi. Belə ki Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş “25-lər” adlananlardan Əfsanə Hüseynova, Yasəmən Hüseynova, Kübra Mahmudova iştirak edirdilər. Onlar o müthiş gecədə baş verənləri şagirdlərimizə ürəkağrısı ilə danışdılar. Fevralın 25-dən 26-na keçən gecə şəhərə edilən hücumdan, əsir düşmələrindən və ata-analarını hansı şəraitdə itirdiklərini dilə gətirən canlı şahidlərimiz məktəblilərə böyük həyat dərsi keçdilər. Qeyd edək ki, Əfsanə və Yasəmən Hüseynovalar Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun övladlarıdır. Onlar atalarının komandiri olduğu özünümüdafiə batalyonunun fəaliyyətindən, Xocalı şəhərini son damla qanınadək qorumağından və faciəli ölümündən danışdılar. Qonaqlarımız Xocalıda keçirdikləri xoş xatirələri ilə də paylaşdılar. Bu ilin onlar üçün daha qürurverici olduğunu qeyd etdilər. Və tezliklə doğma yurdlarına qayıdacaqlarına əmin olduqlarını bildirdilər.