Şəhid məzunumuz Ələkbər Ələsgərov
İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə işğalçı Ermənistanı döyüş meydanında darmadağın etdi. Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, Vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. Belə bir igid oğullarımızdan biri məktəbimizin məzunu Ələkbər Ələsgərov İskəndər oğludur. Ələkbər tərbiyəsi, məsuliyyəti və çalışqanlığı ilə müəllim kollektivinin sevimlisinə çevrilmişdi. O, 2014-cü ildə məktəbimizi bitirib, Azərbaycan Dövlət Gəmiçilik Kollecinə qəbul olmuşdu. Oranı bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmətini layiqincə başa vurmuşdu, nişanlı idi. Anası Sveta xanımın söylədiklərinə görə Tovuz hadisələrindən sonra Ələkbər könüllü olaraq ordu sıralarına yazılır və sentyabrın 21-də Vətən mücadiləsinə yollanır. Evlə bir neçə gün əlaqə yaratdıqdan sonra zənglərin arası kəsilir. 3 gün keçdikdən sonra üçrəngli bayrağa bükülmüş cənazəsi evlərinə təhvil verilir. Ələkbər Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə ali məqama –şəhidlik zirvəsinə ucalmışdı. Evlərində olarkən anası Sveta xanım onun Vətənə, xalqa bağlılığından fəxr və qürurla danışırdı. Məktəbimizin və müəllim kollektivinin onun tərbiyəsində, vətənpərvərlik ruhunda böyüməsində xüsusi rolunun olmasını qeyd etdi. O, oğlu Ələkbərin təkcə onun deyil, bütün Azərbaycan xalqının oğlu olmasını və onunla fəxr etdiyini, Azərbaycan xalqının hər zaman mübariz övladlarının şücaətini yüksək qiymətləndirdiyini, şəhidlərimizin xatirəsini hər zaman uca tutduğunu vurğuladı.Biz də Ələkbərin xatirəsini hər zaman uca tutaraq onun Vətən müharibəsində göstərdiyi mərdliyi “Qəhrəmanlıq salnaməsi” kimi bütün şagirdlərimizə aşılamağa çalışacağıq. Ruhun qarşısında baş əyirik, Ələkbər! İşğaldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi bizim üçün.