"Sosial-emosional təlim" (SET) layihəsi çərçivəsində təlim keçirildi
Dekabrın 3-də məktəbimizdə "Sosial-Emosional Təlim" qrant layihəsi çərçivəsində onlayn təlim keçirildi. Təlimdə 10-cu sinif şagirdləri iştirak edirdi. Təlimçi Sevinc Əmirova şagirdləri salamladıqdan sonra onları təlim haqqında məlumatlandırdı. Şagirdlər sosial-emosional bacarıqların inkişafı, özünüidarə bacarıqlarının formalaşdırılması, emosiyaların düzgün müəyyən edilməsi və idarə olunması ilə bağlı tapşırıqlar yerinə yetirməli idilər. Təlim tanışlıq tapşırıqları ilə başladı. Bu, iki ulduz və bir dilək tapşırığı idi. Şagirdlər həm özlərini təqdim etməli, həm də sinifləri haqqında iki müsbət rəy söyləməli idilər. Digər tapşırıq isə ondan ibarət idi ki, şagirdlər insanlar arasındakı oxşarlıq və müxtəlifliyi təyin etməli idilər. Şagirdlərə fərqli keyfiyyət adları verildi və hər kəs özünə aid olanı seçdi. Sonra tapşırıqlar fiziki olaraq icra olundu. Məqsəd bədəndəki duyğuları hiss etmək bacarığı formalaşdırmaq idi. Təlim emosiyaların ifadə edilməsi tapşırığı ilə yekunlaşdı.