Bilik günü
Bu gün bütün respublikada olduğu kimi məktəbimizdə də 2020/2021-ci tədris ilinə start verildi. Yaranan mövcud vəziyyəti nəzərə alaraq, müəllim və şagirdlərin sağlamlığının qorunması məqsədilə öncədən məktəbdə GEM tərəfindən geniş dezinfeksiya işləri aparıldı. Məktəbin hər iki korpusu, bütün dəhlizləri və sinif otaqları tam şəkildə istifadəyə hazır vəziyyətə gətirildi. Yarana biləcək sıxlığı aradan qaldırmaq üçün məktəbin hər iki girişi Ön və Arxa qapılara ayrılaraq şagirdlərin istifadəsinə verildi. Məktəbdaxili girişlər isə A, B, C, D girişləri kimi şərtləndirildi. Məktəbin həyətində tələb olunan qaydalara əsasən sosial məsafə saxlanılmaqla xüsusi dayanma işarələri çəkildi.İlk dərs günü məktəbə daxil olan şagirdlər ara məsafə gözlənilməklə həmin dayanma işarələri üzərində toplaşararaq “Bilik Günü”nə həsr olunmuş çıxışları dinlədilər. Məktəbin direktoru Rəna Süleymanova məktəbə ilk qədəm qoyan birinciləri ürəkdən təbrik edərək, onlara dərslərində uğur və nailiyyətlər arzuladı. Sonra şagirdlərin əlləri xüsusi məhlullarla dezinfeksiya olundu, hərarətləri ölçülərək içəri buraxıldı. Şagirdlər “Xüsusi karantin rejiminin tələblərinə uyğunlaşdırılmış tədris planı”na əsasən həftədə 2 gün əyani, 4 gün distant formada təhsil alacaqlar. İlk dərslər I-IV siniflərdə “Gigiyena qaydalarına necə əməl edirəm?” mövzusuna həsr olunmuşdu. Müəllimlərimiz tərəfindən mövzuya həsr olunmş maraqlı təqdimatlar nümayiş olundu.