Triton peykində kosmik tədqiqatllar
Kainatın sirləri qədimdən bəri daim insanları düşündürüb. Yeni kəşf edilən planetlərdə həyatın olub-olmaması əlçatmaz bir ideya kimi astronomları maraqlandırıb. Elm və texnikanın yüksək inkişafı müasir dövrdə Günəş sistemində olan planetlərlə yanaşı ən uzaq ulduzları öyrənməyə imkan yaradır. Astronomlar planetlərin ətrafındakı peyklərə də xüsusi diqqət yetirir və yeni kəşflər edirlər.
Günəş sisteminin ən uzaq 8-ci planeti olan Neptun 1846-cı ildə sentyabr ayının 23-də astronom İohann Qotfrid Qal tərəfindən müşahidə olunmuşdur. Neptunun kəşfindən 17 gün sonra, astronom Uilyam Lassel Neptunun halqaları olması barədə fərziyyəni sübut etməyə çalışarkən planetin ən böyük peyki olan Triton kəşf etmişdir. 1880-ci ildə Hamil Flamman tərəfindən peykə yunan mofologiyasında Neptunun oğlu dəniz hamisi Tritonun adı verilmişdir.
1989-cu ilədək Neptunun iki peyki məlum idi: Triton (radiusu 1352 km) və Nereida (radiusu 170 km). “Voyacer-2” kosmik gəmisinin köməyilə kəşf olunmuş Nayada, Talassa, Despina, Qalateya, Larissa və Proteys peyklərinin ölçüləri 27 km-dən 200 km-dək çatır. Hazırda 14 peyk qeydə alınıb. “Voyacer-2” kosmik gəmisi həm də Uilyam Lasselin iddia etdiyi Neptunun görünməz halqalarını sübut edib.
Triton peyki Neptunun 14 peyki arasında ən böyüyü və ilk kəşf olunanıdır. Günəş sistemində isə ən böyük 7-ci təbii peykdir. Uran, Yupiter və Saturn planetlərinin bəzi kiçik peyklərində olduğu kimi Triton əks orbitə malikdir. Yəni bu peyk Neptun planetinin əksi yönündə fırlanır. Tritonun tərs orbitə malik olmasının əsas səbəbi uzaqda yerləşən belə peyklərin göy cisimləri ilə toqquşması ilə izah edilir. Bu səbəbdən onun tezliklə parçalanması güman edilir. Triton Neptunun qabarma və çəkilmə təsirləri nəticəsində getdikcə planetə yaxınlaşmaqdadır. Belə hesab edilir ki, 3,6 milyard il sonra parçalanıb yox ola bilər.
Tritonun necə yarandığı məlum deyil. Böyük ehtimalla Triton əvvəllər Günəş sistemində təkbaşına gəzən göy cismi olmuş, daha sonra Neptunun cazibə qüvvəsinə qapılıb onun peykinə çevrilmişdir. 1352 km-lik radiusa malik Tritonun səthi buzla örtülüdür. Bunu göstərən şəkillər 1989-cu ildə peykin yaxınlığından keçən “Voyacer-2” kosmik gəmisindən çəkilmişdir. Peykin səthində kraterlərin sayı azdır.
Triton Yupiterin 10 peykindən sonra Günəş sistemində ən aktiv peykdir. Səthinin alt hissəsinin su, üst təbəqəsinin buzla örtülü olması güman edilir. Buzun altında maye azotdan ibarət dənizin olması ehtimallıdır. Səthində xeyli qeyzer və buz vulkanı vardır. Maye azot bəzən buzun altından fısqıra bilir və bu zaman 15 kim hündürlüyə çatır. Peykin daxili qatlarında temperatur daha yüksəkdir.
1989-cu ildə Tritonun səth temperaturu -235 °C qeydə alınıb. Ayın Hermayt kraterində -247 °C temperatur qeydə alınana qədər Triton Günəş sistemində ən soyuq yer hesab olunurdu. Bunun əsas səbəbi yerə düşən Günəş işığının 1/900 hissəsi qədər işıq qəbul etməsi və düşən işığın 70 %-ni əks etdirməsidir. “Voyacer-2” kosmik gəmisinin uçuşuna qədər peykin buludlarla örtülü olması ehtimal olunsa da bu fərziyyə sonradan səhv çıxıb. Tritonun nazik və sıxlığı az olan atmosferi vardır. Atmosfer səthə çox az təzyiq göstərməkdədir.
Triton haqqında maraqlı məlumatları öyrəndikdən sonra məndə belə bir fikir yarandı:- Tritonun maye azot dənizində daha nələr ola bilər? Maye azot digər həyat formaları üçün yaşayış yeri ola bilərmi? Yer kürəsinin buz qatlarında qədim heyvanların donmuş qalıqları tapılıb. Bəlkə Tritonun buzlaqlarında da maraqlı sirlər gizlənir?
İnanıram ki, astronavtlar gələcəkdə asanlıqla digər planetlərə və onların peyklərinə səyahət edə biləcəklər. Uzaq kosmik uçuşlar və əsrarəngiz hadisələrlə dolu tədqiqatlar nə qədər cəlbedici görünsə də hələlik əlcatmaz və əsrarəngiz bir arzudur. Bu arzunun gerçəkləşməsi isə insan dühasının yeni qələbəsi olacaqdır...