Mirandanın sirləri: Kosmik səyahət

          NASA-nın kosmik gəmisi bu gün Uran planetini tərk edir. Kosmik səyahətin növbəti dayanacağı Uranın ən yaxın peyki, 129 900 km məsafədə yerləşən Mirandadır. Kosmik gəminin uçuş heyəti olan “İntellekt-555” - Astrorobotları peykin səthinə enib yeni elmi tədqiqatlar aparacaq və alimləri düşündürən bir sıra suallara cavab axtaracaqlar.

Uran planetinin ən böyük 5 peykindən biri olan Miranda (diametri 470 km) 1948-ci ilin fevral ayının 16-da holland alimi Gerard Kuiper tərəfindən McDonald rəsədxanasında aşkar edilib və dahi ingilis dramaturqu U.Şekspirin “Tufan” əsərinin qəhrəmanının adı ilə adlandırılıb.

Uzaq peyk bizi niyə maraqlandırır? 1986-cı ilin yanvar ayında NASA-nın “Voyacer-2” kosmik gəmisinin Mirandanın səthində apardığı ilk müşahidələr zamanı ammonyak (3%), silikat və karbonatlardan ibarət buz örtüyü aşkar edilib. Günəşə tərəf olan cənub hissənin fotolarını əldə edən “Voyacer-2” gəmisinin məlumatına əsasən peykin ümumi çəkisinin 20-40%-ni daşlar təşkil edir. Mirandada qeyri-adi maraqlı geoloji hadisələr müşahidə olunur. Astronomlar belə fərz edirlər ki, bu peyk Uran planetinin ətrafındakı qazşəkilli toz dumanından yaranıb.

Miranda 20 km dərinliyi olan az sayda kanyonları, teraslı təbəqələri ilə fərqlənir. Mirandanın cənub yarımkürəsində aşkar edilmiş Arden (300 km), İnverness (200 km),  Elsinor (100 km) yüksəklikləri və Verona uçurumu geoloji relyefin qeyri-adiliyi ilə Günəş sisteminin digər peyklərindən fərqləndirir. İlk əvvəl belə güman edilirdi ki, iri səma cismi ilə toqquşan peyk parçalanıb sonradan bir yerə toplanıb. Lakin 2011-ci ildə yeni hipotezə əsasən Mirandanın xüsusi relyefi Uran planetinin cazibə qüvvəsinin təsiri ilə əlaqələndirildi. Arden və İnverness yüksəkliklərində dərin çatlar və nəhəng dəliklər də bununla izah oluna bilər.

Mirandanın yaşı 3,5 milyard il güman edilir. Peykin hər qütbü 42 il günəşli, 42 il qaranlıqda olur. Səthindəki yüksəkliklərin son 100 milyon illər ərzində formalaşması peykin dərinliyində gedən fəal geoloji proseslərin davam etdiyini göstərir. Mirandanın səthindəki uçurumlar, yüksəkliklər və vulkanik kraterlər peykin dərin qatlarında istilik–nüvə reaksiyaları nəticəsində istilik mübadiləsinin səthə çıxmasının nəticəsidir.

Astronomiya elmi Miranda kimi kiçik peyklərin tez bir zamanda soyumasını və geoloji təkamülün olmadığını sübut edir. Əks halda belə bir sual yaranır: “Bəs bu peykdə geoloji fəallığın səbəbi nədir?”.

“Voyacer-2” kosmik gəmisindən çəkilən fotolar Mirandanın yüksəkliklərində, qayalıq və mağaralarında bir çox sirlərin gizləndiyini göstərir. Fotolarda relyefin unikal müxtəlifliyi əks etdirən düzbucaqlı, yumurtaşəkilli açıq və tünd  rəngli zolaqlar Mirandanın qeyri-adi tektonik qatlara malik olduğunu göstərir. Əgər peykin üst səthi buzlardan ibarətdirsə, daha dərin qatların silikat süxurlardan və üzvü birləşmələrdən ibarət olması güman edilir. Zümrüd, akvamarin, topaz, nefrit və digər qiymətli daşlar, asbest, kaolin, keramika xammalının mənbəyi olan silikat süxurların öyrənilməsi iqtisadi cəhətdən maraqlıdır.

Yer planetində üzvü maddələr, bildiyimiz kimi, canlı orqanizmlərin həyat fəaliyyəti prosesində yaranır. Bəs Mirandada aşkar edilən üzvü birləşmələr necə meydana gəlib? Bəlkə Mirandanın mağaralarında qeyr-adi həyat formaları mövcuddur? NASA-nın kosmik gəmisinin növbəti uçuşu peykin sirlərini öyrənmək üçün vasitədir. Yeni kosmik səyahət zamanı Mirandanın səthindəki süxurların üçün kosmik tədqiqatların nəticələri yeni təbii resursların aşkar edilməsində əhəmiyyətli ola bilər. İnanıram ki, bu uçuş zamanı əsrarəngiz Miranda haqqında bir çox suallara  cavab tapılacaq....

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi