"Narkotiklər haqqında həqiqəti bilin!" mövzusunda maarifləndirici tədbir keçirildi
20.02.2020-ci il tarixində məktəbimizdə anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov açaraq narkomaniyanın beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələlərdən biri olduğunu qeyd etdi və bu dəhşətli xəstəliyin qlobal fəlakətlərə gətirib çıxaran nəticələri haqqında məlumat verdi. O qeyd etdi ki, narkomanların böyük əksəriyyəti yeniyetmələrdir. Bu xəstəliyə düçar olanlar narkotik vasitələri əldə etmək üçün cinayət törətmək məcburiyyətində qalırlar. Daha sonra Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli qeyd etdi ki, narkotik vasitələrdən asılılıq bir çox virus xəstəliklərinin, o cümlədən hepatit “C” və QİÇS-in yayılmasına da gətirib çıxarır, ailələr dağılır, fiziki qüsurlu uşaqlar dünyaya gəlir. O, həmçinin bildirdi ki, yeni yaranan narkotik vasitələr daxili orqanların zədələnməsi və vaxtsız ölümə gətirib çıxaran toksik maddələrdir. Rövşən Kərimli şagirdlərə ehtiyatlı olmağı, düşünülməmiş addımlar atmamağı, çox məsuliyyətli olmağı, özlərində güclü iradə formalaşdırmağı tövsiyə etdi. Digər çıxışçılar da narkotiklərin hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçməyin əhəmiyyəti haqqında geniş söhbət etdilər. Sonda şagirdlərin çoxsaylı sualları cavablandırıldı və onlara maarifləndirici bukletlər paylandı.