Xocalı faciəsinə həsr olunmuş "Ağır köç" adlı tədbir keçirildi

    20.02.2020-ci il tarixdən etibarən məktəbimizdə Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlərə start verildi. Belə ki, ilk olaraq 20.02.2020-ci il tarixdə məktəbimizdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Ağır köç” adlı tədbir keçirildi. Tədbirin açılışından sonra soyqırım qurbanlarının əziz xatirəsi  bir dəqiqəlik sükutla anıldı.

    Tədbirdə 26 fevral 1992-ci ildə baş vermiş Xocalı soyqırımı zamanı 27 gün əsirlik həyatı yaşamış Valeh Hüseynov, həmin vaxt hər iki valideynini itirmiş 25 uşaqdan üç nəfəri: Xəlilova Həmayil, Əzimov Şahin, Kərimova Gülnar və Xocalı Soyqırımını Tanıtma ictimai birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı  iştirak etdi.

    Xocalı dərdini özündə daşıyan həmsöhbətlərimiz canlı şahidləri olduqları hadisələrdən ürək yanğısı ilə danışdılar. Əsirlikdə olan Valeh Hüseynov erməni vəhşilərinin törətdiyi xüsusi amansızlıqla edilən işgəncələrdən söhbət açdı. İllərdir özü ilə ağır dərd daşıyan və hər gün o dərdlə yanıb qovrulan, hər iki valideynini itirən həmsöhbətlərimiz də şagirdlərə od içində yanan qəhrəman şəhərin faciəsindən söz açdılar. Şagirdlər müxtəlif suallarla cavablandırıldı.

    Yaxın keçmişdə törədilən bu faciənin üstündən 28 il ötməsinə baxmayaraq, hadisələrin canlı şahidləri erməni terrorçularının törətdikləri həmin vəhşilikləri xatırlayanda həyəcanlarını gizlədə bilmirdilər. Öz yurd-yuvalarından ayrı düşən "Vətəndə vətənsizlər" Xocalıya qovuşacaqları günün yaxında olduğunu ümidlə gözləyirlər.

    Tədbirin sonunda şagirdlərimizin ifasında "Xocalı harayı" adlı mahnı səsləndi. 

    Tədbir iştirakçıları qəhrəman şəhərin sakinlərinə-canlı şahidlərə keçdikləri ağır, faciəli həyat hekayələrinin olmasına baxmayaraq özlərində cəsarət və qüvvət tapıb, həmin tarixi dönə-dönə xatırlayıb şagirdlər qarşısında çıxış edtiklərinə görə dərin minnətdarlıqlarını bildirib, onları dayanmadan alqışladılar.

    Hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında və gələcək nəsillərə ötürülməsində qarşılarına qoyduqları məqsədə nail olmaqda "canlı tarixlərə" uğurlar arzulayırıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi