FHN-nin"Təhsil Müəssisələrində Yanğın Təhlükəsizliyi"adlı maarifləndirici seminarı keçirildi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 19 aprel 2016-cı il tarixində Yasamal rayonundakı 18 nömrəli orta məktəbdə yanğına qarşı təbliğat xarakterli növbəti tədbir keçirmişdir. Tədbirin keçirilməsində məqsəd məktəbliləri yanğın, eyni zamanda həyat təhlükəsizliyi ilə bağlı maarifləndirmək, bu istiqamətdə görülən işlərin səmərəliliyini artırmaq olmuşdur. Əvvəlcə, “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin” adlı fotoslayd təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilmiş, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsindən danışılmışdır. Həmçinin, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyyə) planlarının və hər bir otaq üçün yanğın təhlükəsizliyi qaydalarına dair yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, yanğına qarşı su təchizatına (su hovuzları, su kəmərləri, su çənləri, su hidrantları ) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunmuşdur. Sonra ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq göstərilmiş, təhsil müəssisələrinin yanğın təhlükəsizliyi və FHN-in fəaliyyəti haqqında videoslaydlar nümayiş etdirilmişdir.