Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

24 iyun 2025-ci il tarixində Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Namiq Babayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev olimpiada qaliblərini və onların valideynlərini, müəllimlərini təbrik edib, şagirdlərə yeni nailiyyətlər arzulayıb.
Xatırladaq ki, Respublika fənn olimpiadasında coğrafiya fənni üzrə keçirilən olimpiadada məktəbimizin IX sinif şagirdləri Ramiz Xəlilov və Zeynəb Rəşidova yüksək nəticə göstərərək gümüş medal qazanıblar.
Şagirdlərimizin bu uğuru onların əzmkarlığının, bilik və bacarıqlarının göstəricisidir. Mükafatlandırılma mərasimində qaliblərə medallar təqdim olunub, onların əməyi xüsusi qeyd edilib.
Məktəbin direktoru Gülər İsmayılova da tədbirdə iştirak edib. Gülər müəllim bir daha qalib şagirdləri, valideynlərini və bu nailiyyətin əldə olunmasında xüsusi əməyi olan Afaq müəllimi təbrik edərək, gələcəkdə daha böyük uğurlar arzulayıb.