Azərbaycan müəllimi" qəzetində "Sabahın bünövrəsini birlikdə quraq" məqaləsi

Təhsil sistemi və onun məzmunu ölkənin gələcəyinə xidmət edir. Müasir dövrdə təhsil sistemi əsaslı şəkildə cəmiyyətin sosialiqtisadi inkişafına təsir göstərir. Təsadüfi deyil ki, müxtəlif ölkələrin alimləri XXI əsrdə insanlıq qarşısında duran vəzifələrdən danışarkən, hər şeydən əvvəl, çalışırlar ki, təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirsinlər. Oxucular razılaşarlar ki, məktəb elmi əsaslarla idarə olunmursa, təhsilin keyfiyyəti vaxtlı-vaxtında təhlil edilmirsə, monitorinqlər keçirilmirsə, belə müəssisədə keyfiyyətdən danışmaq olmaz. 2018 –

ci ilin sentyabr ayından rəhbərlik etdiyim Bakı şəhər C.Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə də ilk işim təhsilin keyfiyyətini təhlil etmək üçün monitorinqlər keçirmək oldu.Bundan əvvəl üç il rəhbərlik etdiyim Bakı şəhər 323 nömrəli tam orta məktəbdən əldə etdiyim təcrübə bu istiqamətdə doğru qərarlar almağa kömək edir. Qeyd edim ki, Bakı şəhər  C.Məmmədyarov adına tam orta məktəb 1936 – cı ildən fəaliyyət göstərir. Təhsil ocağı 26 yanvar 1996 – cı ildən məktəbin şəhid  məzunu Cəlal Cavad oğlu Məmmədyarovun adını daşıyır. Məktəbin  II korpusu 2013 – cü ildən istifadəyə verilmişdir.

         Məktəbi bitirən məzunlar içərisində minlərlə müəllimlər, həkimlər, elmlər namizədləri və digər ixtisas sahibləri var.  Bu məzunlar ölkəmizin həyatının müxtəlif sahələrində çalışırlar və bu gündə öz fəaliyyətlərini davam etdirirlər.  

         Onlardan  xalq artisti Əminə Yusifqızı və Mələkxanım Əyyubova, müğənni Xatirə İslam, AZAL şirkətinin vitse – prezidenti Məmmədov Arif , AZAL şirkətində biznes – aviasiyanın rəisi Şükürov İlham, DYP-da şöbə müdiri Quliyev Fail, Daxili İşlər Nazirinin müavini Quliyev Fazil, ADPU –nun Pedaqogika fakültəsinin dekanı professor Əliyeva Şəhla, İlahiyyət üzrə fəlsəfə doktoru Ağayev Yusif, Sabunçu Gənclər İdarəsinin rəisi Əliyev Rakif və s. Bu siyahını çox uzatmaq olar.Məktəbimiz hər zaman öz məzunları ilə fəxr edib.Elecə də 2001 – 2018 – ci il məzunları arasında onlarla 600 baldan yuxarı nəticə göstərən məzunlarımız olub.

2018 –2019 –cu dərs ilində Məmmədov Çingiz 667 balla BANM –a, Məmmədli Alparslan isə Sabunçu rayonu üzrə ən yüksək göstərici – 676 balla Azərbaycan Polis Akademiyasına qəbul olunublar. Əlbəttə ki, bütün bu uğurlarla yanaşı son illər məktəbin keyfiyyət göstəricilərində və reytinqində ciddi geriləmələr də müşahidə olunur. Məhz bunu nəzərə alaraq 155 kollektivi olaraq məktəbin əvvəlki şöhrətini özünə qaytarmaq qərarına gəldik. Apardığımız təhlillər göstərdi ki, məktəbin xüsusilə ibtidai sinif müəllimləri arasında öz savadı, İKT bacarıqları,səriştəsi,üstün metodiki bacarıqlar ıilə seçilən kadr ehtiyatı var.Bundan sonra məktəbin kiçik yaş qruplarını əhatə edəcək “Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəmiz meydana çıxdı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nə təqdim edildi. Çox sevindirici hal oldu ki, müsabiqədə qalib olmuş 53 ümumtəhsil məktəb arasında bizim layihə də var.

         Son illər təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və informasiya –kommunikasiya texnologiyalarının tədris prosesində geniş və hərtərəfli istifadəsinin təmin olunması məqsədi ilə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilir. Layihə çərçivəsində ümumi təhsil müəssisələrinin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilir, otaqlar avadanlıqlar üçün mebellərlə təchiz olunur. Məktəb müəllimləri "Lego Education" təhsil həlləri üzrə xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilir. Müəllimlər təlimdə avadanlıq və proqram təminatlarından istifadə, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə məlumat alır və robot texnologiyası və proqramlaşdırılması üzrə təməl biliklərə yiyələnir.

XXI əsrin ən son texnologiyası olan robot texnologiyasından istifadə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir və professional müəllimlər üçün unikal həllər təklif edir. Dərslərdə diqqət robotların dizayn olunması və proqramlaşdırılmasına yönəlir. Şagirdlərin Lego konstruktorları ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Belə ki, şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.

Bakı şəhər 155 nömrəli tam orta məktəb tərəfindən İrəli sürülən bu layihə Sabunçu rayon ibtidai sinif müəllimlərini əhatə edəcək. Məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın nəzdində “Sabahın qurucuları” adlı Robotexnika kursları təşkil ediləcək. Bu kursların sayəsində kiçik yaşlı uşaqlar üçün daha maraqlı, əyləncəli və gələcəyə köklənmiş fənn kurikulumuna inteqrasiya olunmuş təlim kursları həyata keçiriləcəkdir.

Layihənin əsas məqsədi şagirdlərimizin Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat və Yaradıcılıq dünyasına ilk addımlarını əyani şəkildə, toxunaraq öyrənməklə almalarına və bu yaş dövrü üçün maraq duyğusunun təşviqi və ilkin bacarıqların ortaya çıxarılmasına yardım etməkdir. Başlıca vəzifələr ondan ibarətdir ki, bu layihənin əsasını 21 –ci əsrin ən vacib bacarıqlarını ən kiçik yaşlardan tədris etməyi qarşısına məqsəd qoyan STEAM (Science, Technology, Engineering, Art & Math) təşkil etdiyindən proqram vasitəsi ilə uşaqları aktiv, yaradıcı olmağa təşviq etmək, praktiki robot dəstləri ilə işləmək bacarığını və yaradıcılığını təmin etmək, uşaqların diqqətini gücləndirmək, bədii bacarıqları artırmaq, məntiqi təfəkkürünü və özünə inamı inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur.

Görüləcək işlər:

Sabunçu qəsəbəsində yerləşən 67, 68, 215, 170, o cümlədən 155 nömrəli tam orta məktəblər, hər məktəbdən 20 şagird olmaqla (xüsusi testlər vasitəsi ilə) – 100 şagird seçiləcəkdir. Eyni zamanda hər məktəbdən 4 ibtidai sinif müəllimi (20 nəfər İKT bacarığı olan) seçiləcək, onlara Mars Academy şirkəti tərəfindən xüsusi proqram əsasında təlimlər keçiriləcəkdir.

Bakı şəhər 155 nömrəli tam orta məktəbin bazasında "Mənim ilk Robotum" Akademiyası yaradılacaq. Bu akademiyada professional təlimçi müəllimlər seçilmiş ibtidai sinif müəllimlərinə təlimlər keçəcəklər. Bu akademiya bir növ labaratoriya rolunu oynayacaqdır. Burada mütəmadi olaraq,  layihə boyunca ibtidai sinif şagirdlərinə Robo texnologiya, mühəndislik sahəsində yaradıcı dərslər keçiriləcəkdir. Bu mərkəz bir məktəb rolunu oyanayacaqdır.

Müəllimlər üçün təlimlər Sabunçu qəsəbəsində yerləşən 67, 68, 215, 170 və

155 nömrəli məktəblərdən test üsulu ilə seçilmiş 20 nəfər müəlllimin 2 təlim qrupu üzrə, xüsusi Robotexnika və mühəndislik kontenti olan 5 günlük (20 akademik məşğələ) təlimdə iştirakını nəzərdə tutur. Təlim proqramına əsasən iştirakçıların kurs ərzində qazandıqları bacarıqlarından istifadə edərək müxtəlif fənlərin tədrisində faydalı olacaq interaktiv dərs modelləri hazırlaması nəzərdə tutulub. Bu təlimlər xüsusi təlim programı əsasında bu sahədə peşəkar olan Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq edən Edumedia Azərbaycan MMC və Mars Academy MMC ilə birgə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Şagirdlər üçün dərslər  Robotiks dərslərində uşaqlar sadə və daha mürəkkəb strukturlu robotları yığacaq və yığdıqları robotları bloklardan qurulan kod vasitəsi ilə hərəkətə gətirməyi öyrənəcəklər. Robotları “canlandırmaq” üçün onlar proqramlaşdımanın əsas anlayışlarını öyrənəcək və proqram təminatı vasitəsi ilə biliklərini istifadə edəcəklər. Bunun üçün sensorlarla işləyəcək, hərəkət, təkrarlanma, gözləmə, səs, işıq və digər bloklarla tanış olacaqlar.

Yaş qrupu – 6-7 yaş

Müddət – 4 ay

İntensivlik – həftədə 2 dəfə 45 dəq və ya 1 dəfə 90 dəqiqə.

Layihə inklüziv təhsil sahəsində tam yenilik olacaq. İnklüziv siniflərdə məhz Robotiks dərsləri uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alacaq, müxtəlif əlilliyi olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı vermiş olacaq. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır. Layihənin davamlılığı məqsədilə aşağıdakıları qeyd etmək istərdim:

· "Mənim ilk Robotum" Akademiyasının yaradılması

· Əməkdaşlıq edilən məktəblərdə bu akademiyanın dayaq məntəqəsinin qurulması

· Peşəkar təlimçi heyətinin hazırlanması

· Həmin təlimçilərin öz məktəblərində bu işi peşəkarcasına davam etdirməsi

· Şagirdlər arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi

· Bu müsabiqələrin məktəblərarası təşkili

· Şagirdlərin bu sahədə keçirilən yerli və beynəlxalq olimpiadalara hazırlanması

· Digər yaş qrupları üçün istifadəsi nəzərdə tutulmuş Lego Robotların əldə edilməsi üçün yeni layihə modellərinin hazırlanması

Artıq avqust ayının 20 –sindən start götürmüş layihəmiz təlimata və proqrama uyğun uğurla davam edir. 20 dekabr 2018 –ci il tarixdə yekunlaşacaq bağlanış mərasimində “Sabahın bünövrəsini “ birlikdə qurmaq üçün səsimizə səs verənlərin daha çox olacağından əminik!

https://ru.calameo.com/read/000739634bb259b5b2a3a

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi