FƏXRİMİZ

 Bakı şəhəri Sabunçu rayonu  C. Məmmədyarov adına 155 N – li tam orta məktəbin şəhid məzunu Cəlal Cavad oğlu Məmmədyarov haqqında məlumat

 

Cəlal Cavad oğlu Məmmədyarov 1974 – cü il Yanvarın 24 – də Bakı şəhərinin Sabunçu qəsəbəsində anadan olmuşdur. 1981 – ci ildə 155 N – li orta məktəbin I sinfinə getmiş, 1989 – cu ildə orta məktəbin VIII sinfini bitirmişdir. 1992 – ci ildə sürücülük məktəbinə qəbul olub, oranı bitirdikdən sonra 1992 – ci il iyunun 29 – da hərbi xidmətə çağrılmışdır. Sevinə - sevinə hərbi xidmətə gedir. 3 il Qarabağın, Fizulinin, Ağdamın, Qubadlının bölgələrində qəhrəmanlıq şucaəti göstərir, mühüm əhəmiyyətli döyüşlərdə iştirak edir. Azğın düşmənə qarşı mərdliklə döyüşərək, öz qorxmazlığını, igidliyini, cəsurluğunu sübut edir. Elə döyüş olmazdı ki, Cəlal orada fədakarlıq etməsin. Ölümü özünə yaxın buraxmayan Cəlal düşmən gülləsinə tuş gəlir.

Həmişəki döyüşlərdən fərqlənməyən savaşların birində Fizulinin Horadız qəsəbəsi uğrunda gedən döyüşdə 1995 – ci il iyulun 29 – da erməni snayperləri tərəfindən qətlə yetirilir. Əsgər yoldaşlarının qolları arasında həyatla ədəbi olaraq vidalaşdı. Ömrünün təzə - tər vaxtında, 21 yaşında ədəbiyyətə qovuşdu. Şəhidlik zirvəsinə ucaldı. Arzusu, istəyi köksündə qalan, ana  - bacı Vətən, Doğma yurd – yuva, el – oba qeyrəti çəkən Cəlal Şəhidlər xiyabanında özünə əbədi məkan saldı, öz igidliyi, qəhrəmanlığı ilə gələcək nəsillərə nümunə oldu.

Cəlal hər kəsin sevdiyi, uşaqlıqdan hamı ilə mehriban davranışı ilə atasının, anasının, bacısının , qardaşının, eləcə də bütün qohumların, qonşularının sevimlisinə çevrilmişdir. Heç kəsi incitməzdi, zarafatcıl idi. Dərslərinə də laqeyid yanaşmırdı, vaxtlı – vaxtında dərsinə gedərdi. Bütün müəllimlərin hörmətini qazanmışdı. İbtidai sinif rəhbəri olan Fəridə müəllimə onun haqqında danışarkən onun necə  mehriban olmasından, dərslərinə diqqətlə yanaşmağından, bir sözlə, Cəlaldan narazı qalmadığından bəhs edərdi. Əlindən hər iş gəlirdi. Güllədən təsbeh, sistem şunurlarından balıq, ipək saplarından, zərli kağızlardan istifadə etməklə qələm düzəldirdi. Qələmin üstünü zərli kağızla ad yazırdı. Çox zarafatlar edərdi. Zarafatları ilə insanı gülüş atəşinə tuturdu. Onunla söhbətlərdə insan ruhən dincəlirdi. Cəlaldan həmişə yoldaşları müsbət enerji alardı, heç kəsin xətrinə dəyməzdi, heç kəsi incitməzdi, adi qarışqanı belə incitməyə qoymazdı.

Həmişə zarafatla deyərdi, mən də əsgərlər kimi şəhidlər xiyabanında yatacam. Elə də oldu. Zarafatı gercəyə çevirdi Cəlal. O qədər gözəl insan idi ki, Cəlal haqqında danışaqsaq da, yazsaq da heç bir kitaba sığan deyil. O, həmişə hər kəsin qəlbində yaşayacaq və heç vaxt unudulmayacaq. Özü 21 yaşında qalsa da atası, anası, yaxınları, doğmaları Cəlalsız illəri onun donmuş taleyinə yazır, bu günü ağrı – acı ilə də olsa qeyd edirlər. Şəhidlər xiyabanına gedib onu yad edir, qəbri üstünə təzə  - tər qərənfillər qoyurlar. Bu da doğmasını itirmiş yaxınlar üçün bir təsəllidir. Uca dağların başı ağ olduğu kimi Cəlal da anasının başını həm uca, həm də ağappağ elədi. Allah Cəlalın yerini cənnət eləsin. Amin!

Ölümündən sonra layiqli xidməti qiymətləndirilərək adı əbədiləşdirilmiş, 26 yanvar 1996 – ci ildən Sabunçu RTŞ – nin əmrinə əsasən oxuduğu 155 saylı orta məktəbə Cəlal Cavad oğlu Məmmədyarovun  adı verilmişdir. Onun adı, igidliyi yaddaşlara köçərək, xatirələrdə dərin iz qoymuşdur və əbədi yaşayacaqdır.

Məktəbimizdə şəhidin büstü yoxdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi