MÜlKİ MÜDAFİƏ GÜNÜ

Bu gün məktəb rəhbərliyinin müvafiq əmrinə əsasən məktəbimizdə “Mülki Müdafiə Günü” qeyd olundu. Əsas məqsədimiz şagirdlərə fövqəladə hallarda düzgün davranış qaydalarını öyrətmək, onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də mülki müdafiə ilə bağlı əsas anlayışları aşılamaq idi. Mülki müdafiəyə həsr olunmuş “Açıq dərs”lərdə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verildi. Həmçinin şagirdlər yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması ilə bağlı zəruri tədbirlər haqqında məlumatlandırıldılar. Şagirdlərə fövqəladə hallarda özlərini və ətrafdakıları necə qorumaq lazım olduğu barədə ətraflı məlumat verildi. Maarifləndirici təqdimatlar və praktik məşğələlər şagirdlərin böyük marağına səbəb oldu. Tədbirdə məktəbin müəllim heyəti də fəal iştirak edərək, şagirdlərlə birgə mülki müdafiə üzrə təlim tapşırıqlarını yerinə yetirdilər. Real vəziyyətlərə uyğun operativ reaksiya bacarıqları nümayiş etdirildi. “Mülki Müdafiə Günü” məktəb həyatında həm maarifləndirici, həm də motivasiyaedici bir hadisəyə çevrildi. Sonda məktəbin direktoru Pərvanə Səfərova bu cür tədbirlərin şagirdlərin təhlükəsizlik mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını və onların davamlı keçirilməsinin vacibliyini vurğuladı.