İlaxır çərşənbə qeyd edildi

Novruzun gəlişi hər yerdə hiss olunmaqdadır. Bu bayramda daha çox sevinən uşaqların şən gülüşləri, sevinc sədaları sinif otaqlarından kənarda belə eşidilir. Bu gün də üçüncülər öz sevinclərini mahnılarla, şeirlərlə ifadə etdilər. Məktəbin akt zalı bu gün üçüncülərin ixtiyarına verilmişdi. Onlar öz valideynlərini də bu bayram tədbirinə dəvət etmişdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsi Qocayev Novruzun tarixindən, onun xalqımızın milli-mənəvi dəyərlər sistemində tutduğu yerdən danışmış, şagirdləri və valideynləri bu bayram münasibətilə təbrik etmişdir. Daha sonra isə üçüncülər öz proqramları ilə çıxış etmiş, Novruz atributlarından ibarət səhnəciklər göstərmişlər. Uşaqların bayram sevincinə şərik olan valideyn və müəllimlər onlarla birlikdə rəqs edib əylənmişlər.