126 nömrəli məktəbin məzunu olan Tərlan Şükür oğlu Heybətov 1968-ci il avqustun 25-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, 1975-ci ildə Binəqədi rayonunun 126 nömrəli tam orta məktəbinə daxil olmuş, 1985-ci ildə məktəbi əla və yaxşı qiymətlərlə başa vurmuşdur. Məktəbdə oxuduğu müddətdə Fizika, Riyaziyyat, Ədəbiyyat fənlərinə meyl göstərmiş, Fizika və Riyaziyyat üzrə keçirilən olimpiadaların iştirakçısı kimi müxtəlif diplomlara layiq görülmüşdür. Tərlan məktəbdə oxuduğu illərdə öz ağlı, biliyi, istedadı və cəsarətliliyi ilə hamının rəğbətini qazanmışdır. 1990-cı ilin yanvarın 20-də Sovet ordusunun hissələri Bakıya hücuma keçərkən Tərlan özü vətənpərvər oğullarla birlikdə yalın əllə Sovet ordusunun tankları qarşısına çıxmışdı. Təsadüf nəticəsində həmin gecə o sağ qalmışdı. Lakin gecə-gündüz rahatlıq tapmayan igid Tərlan 1991-ci ilin sentyabrında "Qarabağ könüllü müdafiə" dəstəsinə yazılmışdır. Şuşanın Malıbəyli kəndinin qorunmasında, Kosalar kəndinin müdafiəsində igidliklə vuruşmuşdur. Qırxa yaxın erməni quldurunu tələf edərkən 1992-ci il martın 30-da qəhrəmancasına şəhid olmuşdur.
Tərlan Heybətovun adı həmişə qəlbimizdə yaşayacaq!