Son zəng

 

14 iyun 2018 – ci il tarixində məktəbdə ənənəvi olaraq  “Son zəng” tədbiri keçirildi. Bu il 42 nəfər şagird məzun adını qazandı. "Son zəng" tədbirində Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul şəxsi Şirindil Əhmədov, Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, məktəb rəhbər işçiləri, pedaqoji kollektivi, valideyn və şagirdlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova qonaqları salamladı və milli sərvətimiz olan Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında tədbiri açıq elan etdi. Sonra tədbir iştirakçılarını salamlayan məktəb direktoru Tərminə Əsədova 2017–2018–ci tədris ilinin "Təhsildə Keyfiyyət İli"  elan olunması ilə əlaqədar məktəbdə görülən işlərdən və qazanılmış uğurlardan danışdı.  Məktəb direktoru çıxışında Prezidentmiz İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsini və bu ilki məzunlarımızın məzun olduğu ilin böyük tarixi bayram təqviminə təsadüf etməsini xüsusi vurğuladı. Bu nəhəng tarixi əhəmiyyət daşıyan və müasir gəncliyin taleyinə qızıl xətlərlə yazılan bu günü məktəb şagirdləri hazırladıqları fləşmoblarda ifadə etməyə çalışdılar.

Tarix ancaq onu öyrənib imtahan vermək üçün deyil. Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaradan şəxsləri, onların yaratdığı ideologiyanı, məfkurəni yeni nəsilə ötürmək hər bir müəllimin borcudur. Bu şərəfli peşənin insanları çıxışlarında məzunlara xeyir-dua verərək DİM–in qəbul imtahanlarının I mərhələsindən 600–dən yuxarı bal toplamış məzunlara uğurlar arzuladılar.

Tədbirdə coğrafiya fənni üzrə respublika fənn olimpiadasının final turunda iştirak edən 3 məzun, Aytac Abdullayeva, Emil Mansirov və İlham Vəliyev məktəb rəhbərliyinin Fəxri fərmanı ilə təltif edildilər.

Bakı şəhəri üzrə Təhsil idarəsinin əməkdaşı Şirindil Əhmədov gənclərimizin elmi və mənəvi potensialının inkişafına, uşaqlarımızın sağlam böyüməsinə, şəxsiyyət kimi formalaşmasına xidmət edən  müxtəlif dövlət proqramlarının uğurlu nəticələrindən söhbət açdı və çıxışının sonunda isti, əziz ana qucağı tək müqəddəs olan məktəblərindən ayrılan məzunlara arzularını ifadə etdi.

Məsuliyyətsiz, qayğısız bir həyatla müstəqil, keşməkeşli həyatın astanasında dayanan gəncləri Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov məzun günü münasibəti ilə təbrik etdi və 2017-2018-ci ildə məktəbin idman sahəsində qazandığı uğurları qeyd edərək Respublika və Beynəlxalq yarışların qaliblərinə məktəb direktorunun təltif etdiyi Fəxri fərmanları təqdim etdi.

Tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova ulu öndərimiz H.Əliyevin təhsilə, məktəbə, elmə verdiyi yüksək qiymətdən danışdı.Səidə xanım çıxışında məktəb həyatında fəal iştirak edən şagird, valideyn və müəllimlərin məktəb rəhbərliyi tərəfindən müxtəlif nominasiyalar üzrə rəğbətləndirilməsini gələcəkdə icra edilən fəaliyyətlərin müsbət nəticəsinin stimulu kimi dəyərləndirdi.

XI sinif məzunları öz maraqlı və məzmunlu çıxışlarında vətənə, müəllimlərə, məktəbə olan hörmət və sevgilərini ifadə etdilər.

Məktəbin istedadlı şagirdləri Ayna, Kənan, Mədinə, Rəsul, Nəzrin, İlkin, Nurcan, Günay və Zülfiyyə müxtəlif istedad sahələri üzrə bacarıqlarını nümayiş etdirməklə məzunları təbrik etdilər.

Tədbirin sonunda məzunlar sülh rəmzi daşıyan göyərçinləri səmaya buraxaraq məktəbin rəmzi əmanətləri olan açarı və zəngi birincilərə təqdim etməklə Koroğlu uverturasının sədaları altında tədbiri yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi