"Narkomaniyanın acı nəticələri" mövzusunda görüş keçirildi.

Bu gün Binəqədi Rayonu Polis İdarəsinin rəisi polis-polkovniki Namiq İsmayılov, Xidmət üzrə müavin polis polkovnik-leytenantı Oktay Süleymanlı və idarənin digər əməkdaşları məktəbin yuxarı sinif şagirdləri ilə "Narkomaniyanın acı nəticələri" mövzusunda görüş keçirdi. Məktəbin direktoru T.Əsədova narkomaniya ilə mübarizə aparan orqanların məktəblə sıx əməkdaşlığının zəruriliyindən danışdı. Polis-polkovniki Namiq İsmayılov "İnsanlar narkomaniya adlanan tora necə düşürlər?","Biz gələcək nəslin sağlamlığının qayğısına qalmaq üçün nə edirik?, "Ailə quran zaman üzərimizə düşəcək məsuliyyətin ağırlığını dərk edirikmi? və s. kimi mövzular ətrafında şagirdlərlə söhbət apardı. Görüşdə Narkomaniyanın acı nəticələri barədə şagirdlərin sualları cavablandırıldı və videoçarxlar izlənildi. Videoçarxda nümayiş etdirilən acı həqiqətləri törədən zərərli vərdişlər müzakirə olundu, insanları tədricən məhvə, ölümə sürükləyən bu ağ ölümlə mübarizədə insan iradəsinin möhkəmliyinin əsas amil olduğu vürğulandı. Görüşün sonunda şagirdlər çıxışlarında "Narkotik maddələr - tələdir, bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməmək lazımdır" kimi fikirlər söylədilər.