Aylığa yekun vuruldu

BŞTİ-nin “Ekoloji aylıqlar” layihəsi çərçivəsində keçirilən “Alternativ enerji aylığı”na yekun vuruldu. Məktəbin direktoru Şəmsi Qocayev məlumat verərək bildirdi ki, aylıq çərçivəsində fəaliyyətlər qənaətləndirici olmuşdur. Fizika, kimya, və coğrafiya müəllimlərinin rəhbərlik etdiyi 8 qrup üçün treniqlər təşkil edilmiş, fəaliyyət istiqamətləri müəyyən edilmişdir. ABOEM üzrə Dövlət Agentliyi ilə birgə əməkdaşlıq şagirdlərin alternativ enerji haqqında biliklərinin inkişafına müsbət təsir etməklə yanaşı, onların yaradıcı qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynamışdır. Bu müddətdə hər bir qrup alternativ enerji haqqında bukletlər, divar qəzetləri, bülletenlər hazırlamış, balaca rəssamlar alternativ enerji haqqında bildiklərini rənglərin dili ilə təsvir etməyə çalışmış, hamının bu sahə üzrə maarifləndirilməsi istiqamətində ciddi fəaliyyətlər həyata keçirmişlər. Qrup üzvləri tullantılardan, lazımsız oyuncaqların hissələrindən hazırladıqları enerji panellərini, maketləri nümayiş etdirərək hazırladıqları məhsulların iş prinsipindən danışmışlar.Daha sonra qrupların əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, bəyənilən işlər ABOEM üzrə Dövlət Agentliyinin keçirdiyi müsabiqəyə təqdim edilmişdir.