Xıdır Nəbi bayramı qeyd olunmuşdur

Məktəbimizdə “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı çərçivəsində təbiətin oyanmasının, yazın ilk müşdəsinin xəbərini verən, qədim tarixi ənənəyə malik Xıdır Nəbi bayramı qeyd olunmuşdur. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru. Şəmsi Qoca Azərbaycan xalqının qədim adətlərindən, bayramlarından biri olan Xıdır Nəbi bayramı haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, Azərbaycanın bütün bölgələrində Novruz qabağı keçirilən mərasimlərdən biri Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, kiçik çillənin onuncu günü, Novruzdan altı həftə qabaq qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-na qədər olduğundan Xıdır bayramı fevralın 9-da kiçik çillənin yarı olduğu gündə keçirilir.Bu bayram bəzi bölgələrimizdə fevralın 5-də, bir sıra yerlərdə isə fevralın 14-ü (15-i) Xıdırın anadan olduğu gün qeyd edilir.Bayramın əsas atributlarından biri qovutdur. Qovrulmuş buğdadan (qovurğadan) qovut hazırlanır, yəni qovurğa kirkirədə (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür. Qovudu quru yemək çətin olduğundan ona bir az şərbət və ya doşab əlavə edib ovurlar. Qovurğa ilə bərabər bayram günü badam, noxud, günəbaxan tumu qovrulur, plov (aş) süzülür, xəşil bişirilir, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib torba, papaq atır, Xıdırın payını yığırlar. Pay gözləyənlər aşağıdakı misraları söyləyirlər:Xıdıra xıdır deyərlər,Xıdırın payın verərlər.Və yaxud:Çatma, çatma, çatmaya, Çatma yerə batmaya. Xıdırın payın kəsəninAyağı yerə çatmaya.Torbalara müxtəlif növ şirniyyat, çərəz qoyulub uşaqları yola salırlar. Daha sonra məktəbin tarix müəllimi Şirincan Məmmədovanın rəhbərliyi ilə şagirdlər Xıdır Nəbi bayramının digər elementlərindən söz açmış, Xızırı qarşılamaq üçün nəğmələr oxumuşlar. Şagirdlər tədbirin gedişində qovud hazırlamış, tədbir iştirakçılarına paylamışlar. Xıdır Nəbinin məclisə gələrək yazın müşdəsini verməsi ilə tədbir başa çatmışdır.