9 b və 6a siniflərində xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.

9 b və 6a siniflərində məktəbin əməkdar müəllimi Zəriş Məlikovanın rəhbərliyi ilə xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova, kitabxanaçı Ə.Əhmədova, UBR-i N.Nəsibova, hər iki sinfin sinif rəhbərləri və valideynləri iştirak etdilər.
Tədbirdə M.İsmayılova, R.Babaşov, Ə.Abbaszadə xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış etdilər.
Xüsusi istedadı ilə fərqlənən R.Allahverdiyev, N.İmanov, R.Aslanzadə “Bayatı Kürd” təsnifini ifa etdilər.
Ədibin mərdlik və namərdlik, xeyirxahliq və bədxahlıq mövzusuna həsr etdiyi hekayə janrında yazılmış “Namərd gülləsi” əsəri epizodlar şəklində F.Naibova, N.Vəliyeva, İ.Oruclu, E.Musayeva tərəfindən söylənildi.
Namərdə yaxa verməmək, mərdə arxa olmaq ideyası daşıyan bu əsər barədə hər bir şagird fərdi münasifətini bildirərək əsəri təhlil etdilər.
Ədibin 1990-cı ildə çap olunmuş “Sapı özümüzdəndir” adlı kitabında toplanan əfsanə və rəvayətlərdən bir neçəsini 6 a sinfinin şagirdləri A.Zərif, N.Ceyran, Ş.Şəfəq, Ə.Aylin kiçik hissələrlə səhnələşdirmişdi.
Meşənin dərinliyindən qəribə bir səs gəlir. Bu səsi qoca palıd heç vaxt eşitməmişdir. Ona görə də bu səsin nə olduğunu öyrənmək üçün dərhal çaparları yola salır. Onlar üç gün yol gedir və həftənin axırında geri dönürlər. Çaparlardan biri cəsarətlə gələrək pis bir xəbəri qoca palıda söyləyir:
-Baba palıd, meşəni qırırlar.
-Kim?
-Balta.
-Balta nədir?
-Əl boyda bir dəmir parçasıdır. Par-par parıldayan almaz kimi iti ağzı var. Qabağına nə keçirsə doğrayıb tökür.
-Qoca palıd fikrə getdi.Qayğılı-qayğılı saqqalını qaşıdı.
-Bu, əl boyda dəmir parçası ağacı necə kəsir axı?
Çaparlardan o biri sözə qarışdı:
-Düz deyirsiniz, baba palıd, onun uzun sapı var. Həmin sapdan yapışıb baltanın iti ağzı ilə ağacları doğrayırlar. Sap olmasa bizə heç nə edə bilməzlər. Qoca palıdın səsi titrədi və təşvişlə soruşdu:
-Baltanın sapı nədəndir?
-Ağacdan.
-Onda bizi qıracaqlar.
-Niyə?
-Çünki sapı özümüzdəndir.
Bu kiçik hissənin mənəvi aşınmaların tarixilik və müasirlik bucağında görünən, eləcə də görünməyən tərəflərini 6a sinfinin fidanları məharətlə açıqlamğa çalışdılar. Şagirdlər fərdi mühakimələrində isə ləyaqət, sədaqət, dözüm, ruzinin qədrini bilmək kimi məsələlərin insanı dəyərlər olduğunu söylədilər.
“Məni itirməyin” əsərində belə bir hissəni də şagirdlər təhlil etdilər.
Od, su və vicdan yoldaş olurlar.onlar uca bir dağ döşündə dincəlmək məqsədi ilə dayanıb sonsuz üfüqlərə baxırdılar. Ayrılmaq vaxtı çatanda vicdan dostlarından soruşdu:
-İşdir birdən bir-birimizi itirsək, necə tapacağıq.
-Su gülə-gülə dilləndi:
-Harda çəmənlik, yaşıllıq görsəniz, məni orda axtarın.
Od dedi:
-Harda ocaq, tüstü görsəniz, bilin ki, oradayam.
-Bəs səni itirsək necə tapaq ay vicdan?
Vicdan köksünü ötürüb, titrək səslə dilləndi:
-Aman günüdür, məni itirməyin, itirsəniz bir də tapa bilməzsiniz.
Vicdan adlı obrazı ifa edən 6a sinif şagirdi.......... sanki bütün insanları “əbədi keşmişdən” gəlib “əbədi gələcəyə” gedən mənəvi dəyərlərə sahib olmağa çağırırdı. Yazıçının bir amal uğrunda yaşayan qəhrəmanlarının təmiz vicdan, əxlaqi saflıq, mənəvi kamillik kimi mənəvi dəyərlərini şagirdlər çıxışlarında tədbirin başlıca şüarına çevirdilər.
Ədibin “Dəli Kür” romanının əsasında çəkilmiş film Kərimin təqdimatında izlənildi. 9 b sinfinin şagirdləri M.Mərdanlı, Z.Məmmədova, Nəzrin Həsənli, V.Süleymanov, N.Həsənli böyük yazıçının “Dəli Kür” romanının müstəsna şöhrət və dəyərindən danışdılar. “Dəli Kür” romanının Azərbaycan ədəbiyyatının ən monimental romanı olduğunu və İsmayıl Şıxlının bu roman üzərində on il yaradıcılıq işləri apardığını bildirdilər.
Şagirdlərin tədqiqat və yaradıcılıq işləri yekunlaşdıqdan sonra Z.Məlikova ədibin “Məni itirməyin”, “Sapı özümüzdəndir”, “Şahın oğlu”, “Sənə aslanım deyən”, “Ruzu”, “Belə məmləkətdə” və s. əfsanə və rəvayətləri haqqında aşağıdakı süallarla auditoriya iştirakçılarına müraciət etdi.
1.“Məni itirməyin” əfsanəsində vicdan insanları nəyə səsləyirdi?
2. “Sapı özümüzdəndir” ifadəsini necə başa düşürsünüz?
3. Bu əfsanənin aktuallığı nədədir?
4. “Ruzu” kekayəsində kasıb kişi necə etiraz edir?
5. Yazıçı “Sapı özümüzdəndir” kitabı ilə oxuculara hansı hissləri aşılayır?
Tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan İ.Şıxlının gözəl hekayələr, roman və povestlər ustası olması haqqında danışdı. O, çıxışında ədibin “Ayrılan yollar, “Dəli Kür”, “Ölən dünyam” romanları, “Qızıl ilan”, “Namərd gülləsi”, “Təyyarə gecikir” hekayələri, əfsanə və rəvayətləri, publisistik məqalə və çıxışları ilə oxucularının rəğbətini qazandığını vurğuladı. S.Əhmədova şagirdlərin zamanın qaydaları ilə yaşayan, hər hansı çətinlik qarşısında sarsılmayan, ruhdan düşməyən qəhrəmanlarla tanış olduqlarını dəyərli hesab etdiyini qeyd etdi.
Tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova tədbirdə iştirak edən valideyn və şagirdlərə xüsusi təşəkkürünü bildirdi. Tədbirin yaradıcı, dərin və mənalı məzmununa görə isə Z.Məlikovaya minnətdarlıq etdi.
Məktəbin kitabxanaçısı Ə.Əhmədova da ədib haqqında fikirlərini söyləyərək bildirdi ki, İ.Şıxlı başqa yazıçılarla müqayisədə cild-cild romanlar, povestlər, hekayələr, publisist əsərlər, ədəbi-tənqidi məqalələr qoyub getməmişdir, az yazmışdır, lakin onun qələmindən çıxan hər bir yazı həm dərin məzmununa görə, həm də sənətkarlıq cəhətdən uzunömürlüdür.
Tədbir 9b sinif şagirdləri tarda və qabalda ifa edən İ.Nurlan və A.Rüfətin ifa etdiyi muğamatla yekunlaşdı.