"Kiçik Akademiya"nın ilk konfransı keçirildi
Kiçik Akademiyanın təşkilində əsas məqsəd elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək və mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.
Kiçik Akademiyanın üzvlərinin əsas vəzifələri elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək və şagirdlər arasında elmi bilikləri təbliğ etməkdən ibarətdir.
KA-nın fəaliyyətinin tənzimlənməsi məktəbin rəhbərliyi tərəfindən həyata keçirilir. Məktəb səviyyəsində yaradılan MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin zəhmətini dəyərləndirmək üçün müvafiq işlər həyata keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair 29.01.2019 - cu il tarixli F - 67 nömrəli əmrinə əsasən məktəbin konfrans zalında Kiçik Akademiyanın təsis konfransı keçirildi. Konfransda məktəbin direktoru, təlim - tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçı müavin, UBR, müəllimlər və 9 - 11 -ci snif şagirdləri iştirak etdilər. Dəyirmi masa Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Direktor Rahim Novruzov və təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva çıxış edərək Kiçik Akademiya haqqında şagirdlərə geniş məlumat verdilər. Şagirdlərin fərdi və qrup şəkilində irəli sürdükləri ideyalarının həyata keçirilməsində dəstək olacaqlarını bildirdilər.