"Günəş enerjisi və ondan istifadə" adlı maarifləndirici dərs
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, oktyabr ayı məktəblərdə “Ekologiya aylığı” olaraq qeyd olunur. Bu məqsədlə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Leyla İbrahimovanın rəhbərliyi ilə 9 “A” sinfində “Günəş enerjisi və ondan istifadə” adlı maarifləndirici dərs keçirildi. Dərsin məqsədi şagirdlərə günəş enerji növünün bizim respublikamızda əhəmiyyətindən, ölkəmizin iqlim şəraitinin əlverişli olduğunu şagirdlərin diqqətinə çatdırmaqdan ibarət idi.
Leyla İbrahimova şagirdlərə ənənəvi yanacaq növlərinin, o cümlədən neft, qaz, daş kömür kimi əsas yanacaq növlərinin tükənəcəyi və bu yanacaq növlərindən istifadə zamanı yaranan ekoloji problemlər barədə ətraflı məlumat verib və gələcək nəsillərin dayanıqlı enerji təminatı, həmçinin ətraf mühitin qorunması məqsədilə alternativ və bərpa olunan enerji mənbələrinin müxtəlif növlərindən istifadənin böyük əhəmiyyət kəsb etdiyini bildirib.