27 sentyabr-Anım günü
Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 4 il arxada qalır.
Bu məqsədlə 27 sentyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Anım günü” keçirildi. “Anım günü” Dövlət himninin səsləndirilməsi ilə başlandı. Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin hərbi rəhbəri Zahid Eminov çıxış edərək 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. O, vurğuladı ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Şagirdlər Vətən müharibəsi və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər.