ŞƏHİDİN ANIM GÜNÜ
Xəzər rayonu, Türkan qəsəbə sakini olmuş II Qarabağ Müharibəsinin iştirakçısı Şəhid Rəşad Şiriyevin məzarı D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri tərəfindən ziyarət olunub, şəhidin valideynləri ilə görüşüb onlara Allahdan səbr diləyiblər. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Şiriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Talış və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 oktyabr 2020-ci ildə səhər saatlarında Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.