Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş "Ədəbiyyatımızın Xəzrisi" adlı tədbir keçirildi

10 dekabr 2024-cü il tarixində məktəbin kitabxanasında xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş "Ədəbiyyatımızın Xəzrisi" adlı tədbir keçirildi. Tədbirdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, UBTR Ə.Zeynalova, fənn müəllimləri A. İskəndərova, V. Səlimova və 11D sinif şagirdləri iştirak etdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən məktəbin kitabxana müdiri İ. Mustafayevanın təşkilatçılığı ilə hazırlanan tədbirdə şairin həyat və yaradıcılığından danışaraq bildirildi ki, Nəbi Xəzri eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür. Tədbirdə həmçinin vurğulandı ki, Nəbi Xəzri yaradıcılığı Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır. Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyasının dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Sonda şagirdlərin ifasında şairin şeirləri və şeirlərinə həsr olunmuş mahnılar dinlənildi.