"Yay məktəbi" çərçivəsində layihələr həyata keçirilir

2020/21-ci tədris ilinin Panademiya şərtləri altında başa çatması ilə əlaqədar olaraq məktəbdərdə "Yay məktəbdləri" təşkil olunub. Bununla əlaqədar olaraq 328 və 113 nömrəli məktəb rəhbərləri ortaq layihə həyata keçirməyə qərar veriblər. 18.06.2021-ci il tarixdə 328 nömrəli tam orta məktəbin direktoru Asif Nəbiyev başda olmaqla məhdud sayda müəllim və şagird kollektivi 113 nömrəli məktəbdə olublar. Bundan əlavə qonaq qismində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Təhminə Bədəlova da tədbirdə iştirak edib. Hər iki məktəb arasında ümumi tanışlıq oldu və sonra 328 nömrəli məktəbin müəllim heyəti və T.Bədəlova məktəbdə yaradılmış Nuzami muzeyi ilə yaxından tanış oldular. Yay məktəbi çərçivəsində şagirdlər üçün ümumi fəaliyyət planı tərtib edildi və qərara alındı ki, fəaliyyət çərçivəsində aşagıdakı dərslər keçilsin:
1. Nizami muzeyində Nizami dərsləri 
2. Açıq havada praktik riyaziyyat dərsi
3. Yol hərəkəti qaydaları
4. İngilis dili-"Mənə özünü tanıt"-diskusiya
5. "Gəlin, oyun oynayaq"-şahmat və əyləncəli idman yarışması.
Keçirilən görüşdə əsas məqsəd məktəblər arasında əməkdaşlığın inkişafı, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi olmuşdur. Bundan əlavə, şagirdlərin asudə vaxtının düzgün dəyərləndirilməsi və ondan səmərəli istifadəsi, tədris ili müddətində qismən tanış olduqları sinifdənxaric oxu materiallarını daha dərindən öyrənmək və əyani olaraq mənimsətmək də ön plana çəkilmişdir.
İlk olaraq 113 nömrəli məktəbin ibtidai sinif müəllimi A.Əhmədova şagirdlərə Nizami muzeyində dərs keçdi və şagirdləri eksponatlarla tanış etdi. Şagirdlər dahi şairin həyatı, əsərlərinin yazılma ardıcıllığı, poemalarındakı qəhrəmanlar haqqında və digər məlumatları əyani şəkildə öyrəndilər. Sonra T.Bədəlova onlara "Nizami Gəncəvi yaradıcılığı" adlı kiçik mühazirə təqdim etdi. Dərsin sonu musiqi ilə başa çatdı-328 nömrəli məktəbin şagirdi İlkin Əhmədli tar ifaçısı Baqdayev Musanın müşəiyəti ilə "Mənim Azərbaycanım" mahnısını səsləndirdi. Sonra 328 nömrəli mətəbin direktoru A.Nəbiyev tar musiqisi sədaları altında dahi şairin "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi" qəzəlini səsləndirdi. 113 nömrəli məktəbin 4-cü sinif şagirdləri də dahi şairin şeirlərindən nümunələr səsləndirdi. Sonra şagirdlərin açıq havada praktik riyaziyyat dərsi təşkil olundu. Dərsi 328 nömrəli məktəbin riyaziyyat müəllimi Aliyə Dadaşova aparırdı. Şagirdlər 113 və 328 qruplarına ayrıldılar və hər iki qrupa müəllimin tapşırıqlarını icra etmək üçün rəhgli təbaşir və ölçü vasitəsi verildi. A.Dadaşova şagirdlərə əvvəlcə rəngli təbaşirlərlə asfalt üzərində müxtəlif fiqurlar çəkməyi, sonra isə bu fiqurların perimetrini ölçülməyi tapşırdı. Şagirdlər çox maraqla verilən tapşırıqları icra etdikdən sonra məktəbin açıq meydançasında toplandılar və hesablamaların nəticələri müzakirə olundu. Müzakirə musiqi sədaları altında yekunlaşdı. Bu dəfə İlkin "Bayatı -şiraz" dan bir hissə ifa etdi.  Saat 11-də hamı çay süfrəsi ətrafında toplandı. Hər iki kollektiv səmimi söhbət əsnasında daha da yaxından tanış olub ilkin təəssüratlarını bölüşdü.
Sonra şagirdlər 113 nömrəli məktəbin ibtidai korpusunun birinci mərtəbəsində yaradılmış "Yol hərəkəti qaydaları" adlı güşədə yol nişanlarını öyrəndilər. Dərsi 113 nömrəli məktəbin ibtidai sinif müəllimi M. Qənbərova aparırdı. O. şagirdlərə guşədə nümayiş olunan nişanlar haqqında əvvəlcə məlumat verdi, sonra onların mənaları haqqında sual-cavab oyunu apardı. Aparılan oyunların nəticəsində şagirdlər "Yol hərəkəti qaydaları" barədə biliklərini möhkəmlətmiş oldular.
Sonra şagirdlər həmin korpusun ikinci mərtəbəsində yaradılmış "Mənim nağıl dünyam" və "Zəfərimiz" adlı muzeydə oldular. Şagirdlər dərsliklərdən tanıdıqları qəhrəmanlara aid kompozisiyaları gördükcə daha da şənlənirdilər. Tanıdıqları qəhrəmanlar haqqında danışır, nağıl qəhrəmanlarının xarakterlərini müzakirə edirdilər. 113 nömrəli məktəbin ibtidai sinifləri tərəfindən yaradılmış "Zəfərimiz" kompozisiyası qonaqların da marağına səbəb oldu. Hər kompozisiya II Qarabağ -Vətən müharibəsinin bir qələbəsinə həsr olunub. Tədbir boyunca pandemiya şərtləri qorunmaqla xatirə şəkilləri çəkilirdi.
Şagirdlər açıq havada şahmat və digər oyunlar oynadılar və oyun əsnasında əyləncəli ingilis dili dərsi də keçildi. Şahmat və idman oyunlarını 113 nömrəli məktəbin müəllimləri  A. Məmmədov, C.Yolçiyev və R.Abasov, ingilis dili dərsini 328 nömrəli məktəbin müəllimi M. Muradova apardı.
Tədbir sırasında dosent T.Bədəlova Nizami muzeyi əməkdaşlarının təşkilatçılığı ilə onlayn tədbirə qoşuldu və görüşə 113 nömrəli məktəbdən qoşulduğunu bildirdi. T. Bədəlova burda yaradılmış muzeylər və görülən işlər barədə ətraflı məlumat verdikdək sonra əməkdaşlar məktəbin direktoru G.Rüstəmova ilə kiçik dialoq qurdular. Virtual aləmdə həm Nizami muzeyi əməkdaşları həm 113 və 328 nömrəli məktəblərin əməkdaşları tanış olub, səmimi sözlərini ifadə etdilər. 
Tədbirin sonunda çay süfrəsi ətrafında xoş əhval-ruhiyə var idi. Hər kəs gün ərzində şagirdlərlə həm əylənmiş həm öyrənmiş, həm də sözün əsl mənasında istirahət etmişdi. Şagirdlərin sevinci isə bir başqa idi: onlar çox əyləncəli proqramlarla gün ərzində həm əyləndilər həm öyrəndilər.  Xatirə şəkilləri "Yay məktəbi" nin təşkil edilməsi üçün hazırlanmış bannerlərin yanında çəkilərkən T.Bədəlova dahi şairin "Ey dost" qəzəlini farsca səsləndirdi. Onu tar müşayət etdi və sonra İlkinin oxuduğu "Sevgili canan" sədaları məktəbin həyətinə yayıldı...
İştirakçılara iki məktəb direktorunun imzası ilə diplomlar verildi. Qərara alındı ki, iki məktəb arasındakı əməkdaşlıq davamlı olsun.
 
 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi