Nizami muzeyinin açılışı olmuşdur

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə bu il Nizami Gəncəvi ili elan edilmişdir. Sərəncamda qeyd olunur: "Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir." Bu münasibətlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12 mart 2021-ci il tarixli F-56 əmri ümumtəhsil müəssisələrinə göndərilmişdir. Adı çəkilən əmrin icrası məqsədilə məktəbdə müvafiq əmr verilmiş və icrasına başlanılmışdır. Məktəbin müəllim və şagird kollektivi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmişdir. Müxtəlif onlayn tədbirlərdə şagird təqdimatları hazırlanmış, rəsm və inşa müsabiqələri keçirilmiş, rəngarəng divar qəzetləri hazırlanmışdır. Şagirdlərimiz məktəblərarası müsabiqələrdə iştirak edərək uğurlar əldə etmişlər. Bütün bunlarla yanaşı məktəb rəhbərliyinin təşəbbüsü ilə məktəbdə Nizami muzeyinin yaradılmasına qərar verilmişdir. 12 iyun 2021-ci il tarixdə muzeyin açılışı olmuşdur. Açılışda Kürdəxanı qəsəbəsi ağsaqqalları İlyas Zülfüqarov, Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikası Xalq Artisti Vamiq Məmmədəliyev, Sabunçu rayonu üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev, məktəb rəhbərliyi, məktəbin KA rəhbəri C.Yolçiyev, məhdud sayda müəllim və şagirdlər iştirak etmişlər. Muzeydə dahi şairin poemalarına rəssam R.Cəfərov tərəfindən çəkilmiş rəsm əsərləri, poemaları əks etdirən miniatürlər toplusu, şairin kəlamları, Nizami məqbərəsi, Şah Abbas məscidi və İmamzadə komleksinin maketi və "Yeddi Gözəl" poemasının kompozisiyası yer almışdır. Bundan əlavə şairin büstü hazırlanaraq məktəbimizin muzeyinə hədiyyə edilmişdir. Qonaqlar məktəbdə belə bir muzeyin yaradılmasını təqdirəlayiq iş olduğunu vurğuladılar.
Sonra qonaqlar məktəbimizdə 1İyun Beynəlxalq Uşaqları Müdafiə günü münasibətilə yaradılmış muzeydə olublar. Muzey eksponatları ilə yaxından tanış olan qonaqlar uşaqlar üçün yaradılmış muzeydən məmnun qalıblar. Tədbirin sonunda muzeyin yaradılması ilə bağlı hazırlanmış sənədli film nümayiş edilib. Tədbir pandemiya qaydalarını gözləməklə həyata keçirilib.