"Valideynlərin bir günü"

30 may 2019-cu il tarixində məktəbimizdə "Valideynlərin bir günü" adlı layihəsi keçirildi. Dəvət olunmuş valideynlər müxtəlif siniflərin valideynləri idi. Saat 09:00-da tədbir başlandı. İlk olaraq məktəbin akt zalında direktor əvəzi İ.Axundova gələn valideynləri salamladı, daha sonra məktəbin psixoloqu İ.Quliyeva şagirdlərin psixoloji durumu haqqında məlumat verdi, valideynləri bu sahədə görülən işlərlə tanış etdi. 09:30 da məktəblə tanışlığa başlandı. Məktəbin foyesində şagirdlərin idman yarışlarında əldə olunan uğurlarını əks etdirən diplom və kuboklarla zəngin sərgisinə, o cümlədən 6 "B" sinfinin şagirdi İbrahimli Turan və 6 "A" sinfinin şagirdi Əliyev Kənanın rəsm sərgisinə tamaşa etdilər. Məktəbin həyətində 1 "E" sinfinin təşkil etdiyi fləşmob hamının əhval-ruhiyyəsini təzələdi. 1 "E" sinif şagirdləri "Turp" nağılını müasir formada təqdim etdilər. Onlar "İspan", "Özbək", "Ləzginka", "Uzundərə" rəqslərini məharətlə ifa etdilər. Şagirdlərin çıxışları alqışlarla qarşılandı.
10:20-dən etibarən valideynlər ayrı-ayrı siniflərin dərs dinləmələrində oldular. Valideynlər 6"D" sinfində ingilis dili dərsini ( müəllimlər: K.Nurlana və A.Gülxanım), 7 "B" sinfində coğrafiya dərsini (müəllim Ə.Mahirə), 7 "D" sinfində biologiya dərsini (müəllim D.Sevinc) dinlədilər.
Valideynlər "Gənc kimyaçılar" dərnəyinin işi ilə tanış oldular. Kimya fənnində dərsdən kənar məşğələyə cəlb olunmuş şagirdlər böyük həvəslə kimyəvi reaksiyaları nümayiş etdirdilər, zəhərlənmələrin növləri haqqında geniş məlumat verdilər. Fənn müəllimi olan Nərminə Məmmədova şagirdlərin kimya fənninə marağından danışdı. Valideynlərin bir qismi məktəbin musiqi müəllimi V.Fərzəliyevin dərsində də iştirak etdilər. Şagirdlərdən ibarət xor kollektivi böyük həvəslə " 1 İyun Uşaqların beynəlxalq müdafiəsi günü"nə həsr olunmuş mahnıları ifa etdilər.
Məktəbin idman zalında volleybolçu qızlarımız 311 nömrəli məktəbin volleybol komandası ilə yoldaşlıq görüşü təşkil etdi. Hər iki komanda məktəb rəhbərliyi tərəfindən diplomla təltifləndi.
Dərs dinləmələrindən sonra valideynlər zala dəvət olundular. Bu dəfə onlar 1 "D" və 1 "E" sinfinin, 1 İyun uşaqların beynəlxalq müdafiəsi günü"nə həsr olunmuş tədbirdə iştirak etdilər. Tədbirin sonunda hər iki sinif diplomlarla təltif olundu.
"Valideynlərin məktəbdə bir günü" layihəsinnin sonunda valideynlər gün ərzində gördükləri və dinlədikləri dərslərlə bağlı öz fikirlərini bölüşdülər təklif və iradlarını irəli sürdülər.