Firudin bəy Köçərli irsi:dəyəri azalmayan mənəvi xəzinəmiz

       

 Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən olan Firudin bəy Köçərlinin çox da uzun olmayan həyat yoluna nəzər saldıqda, onun qısa olan ömründə böyük əməllərinin nə qədər qürurverici və yaddaşlara həkk olunduğunu görürük.

            Firudin bəy Köçərli elə bir şəxsiyyətdir ki, hələ bundan sonra da aparılacaq tədqiqatlarda, onun Azərbaycan xalqı üçün necə böyük işlər gördüyü aşkar ediləcəkdir. Zamanında baş verən repressiyanın qurbanı olmuş dəyərli pedaqoq, gözəl folklorşünas, ədəbiyyatşünas alim, hər zaman Azərbaycana düşmənçilik siyasəti yürüdən erməni ekstrimistlərinin əli ilə qətlə yetirilmişdir. Firudin bəy Köçərlinin şəxsi arxivinin izlərinin çox hissəsini yandıraraq məhv etsələr də, tarixdən, sənədlərdən silsələr də, ürəklərdən silə bilmədilər. Firudin bəy Köçərlini sevənlər, onun tədqiqatı ilə məşğul olanlar, illərlə damla-damla müxtəlif arxivlərin sənədlərindən, insanların xatirələrindən materiallar toplayaraq, əsərlər meydana gətirdilər və bu gün Azərbaycan oxucuları Köçərli haqqında olan bu əsərləri sevə-sevə oxuya bilirlər.

   Firudin bəy Köçərli ömrünün 35 ildən bir qədər də artıq zamanını Azərbaycan balalarının savadlanmasına, təhsilli olmasına həsr etmişdir. O, pedaqoji fəaliyyəti dövründə Qori Müəllimlər Seminariyasında, İrəvan gimnaziyasında, Qazax Müəllimlər Seminariyasında çalışdığı vaxtlarda həmişə millətinə, xalqına vicdanla xidmət etmiş, təsəvvürümüzdə yaratdığımız əsl müəllim obrazının canlı nümunəsi olmuşdur. Köçərli müəllimlik peşəsini təkcə dərs deməklə bitmiş hesab etmirdi. O, dərsdən sonra da öz şagirdlərinə nəzarət edir, bəzi hallarda onların yaşadıqları evlərinə gedir və şagirdlərinin həyat tərzi, sosial vəziyyətləri və təlim-tərbiyəsi ilə də maraqlanırdı. Firudin bəy istər dərs zamanı, istərsə də dərsdən kənarda şagird və tələbələrinə eyni münasibəti, mehribanlığı, göstərirdi. O, bunu özünün vətəndaşlıq, eyni zamanda da müəllimlik borcu hesab edirdi. Firudin bəy azərbaycanlı tələbələrin sanki bir qoruyucusu, müdafiəçisi idi. Bu onun Vətəninə, millətinə olan məhəbbətindən irəli gəlirdi.

      Firudin bəy Köçərli şərəfli ömür sürmüş, çox uzaqgörən bir insan olmuşdu. O, gələcəyin həkimi, müəllimi, mühəndisi ola biləcək uşaqları elə hazırlayırdı ki, sonradan da onlarla fəxr edə bilsin. Bu gün biz fəxr edə bilirik ki, Azərbaycan təhsilinin Firudin bəy kimi müəllimləri olmuş və bu gün də məktəblərimizdə müəllim şərəfini qoruyan, peşəsinə qəlbən bağlı olan dəyərli müəllimlərimiz vardır ki, onlar da bu ənənəni davam etdirərək, Firudin bəy Köçərli kimi müəllimlərin yolunu gedirlər.

     Firudin bəy bütün peşələri sevib, rəğbət bəsləsə də, müəllimlik peşəsini bütün peşələrdən daha yüksəkdə tuturdu. O, müəllimi gələcəyə işıq salan mayak, nur adlandırırdı. Firudin bəyin təbirincə desək, “pis şagird yoxdur, şagirdi düzgün anlamayan müəllim vardır. Müəllimin borcudur ki, hətta ən çətin tərbiyə olunan uşağı belə tərbiyələndirsin”. Görkəmli ədib şagirdlərinə Vətənə sonsuz sevgi aşılayaraq, qeyd edirdi ki, “Vətən təkcə sənin doğulub boya başa çatdığın şəhər, qəsəbə, kənd deyildir. Vətən sənin anandır, Vətən bütövlükdə bir məmləkətdir. Bu məmləkət isə Azərbaycandır. Azərbaycanı sevmək üçün məmləkətini, onun bütün bölgələrini sevmək gərəkdir”.

    Firudin bəy Köçərli kimi bir şəxsiyyətin irsini şagirdlərə aşılamaq üçün onun həyat və yaradıcılığı haqqında təqdimat dərs keçirildi.Tədbirdə şagirdlər ədəbi tariximizdə xüsusi xidmətləri olan    Firudin bəy haqqında məlumat verib,videoçarx təqdim etdilər.

      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi