Şagirdlər müəllim simasında

Həyatını müəllimliyə həsr edənlər fədakar, doğma xalqına, torpağına sədaqətlə xidmət göstərən insanlardır. Məhz buna görədir ki, bizim hər birimiz qazandığımız bütün uğurlara görə müəllimlərimizə borcluyuq.Dərin bilik, geniş dünyagörüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir.Müəllim yetirmələrinin mənəvi tərbiyəsinə önəm verməklə, onların vətən üçün layiqli vətəndaş kimi yetişmələrini qarşısına başlıca amal kimi qoymuşdur. Müəllimin əsas vəzifələrindən biri öyrətməklə yanaşı, davranışı ilə şagirdlərdə özünə və ətrafdakılara qarşı hörmət və ehtiram hissini aşılamaqdır. Əsl müəllim hər bir şagirdə şəxsiyyət kimi baxmalı, tələbkarlığı ilə yanaşı, qayğıkeş, gülərüz, mehriban münasibəti ilə şagirdin qəlbində taxt qurmağı bacarmalıdır. Müəllim pedaqoji metodlardan istifadə edərək, nadinc, sözə baxmayan, oxumaq istəməyən şagirddə oxumağa həvəs və maraq yaratmalıdır. Bir sözlə müəllim biliyi, savadı və davranışları ilə şagirdə örnək insan olduğunu göstərməlidir. Şagird isə bunun müqabilində müəllimə hörmət etməyə borcludur. Çünki şagird-müəllim münasibətlərində ən başlıca amil qarşılıqlı hörmətdir.Bütün bunları nəzərə alaraq il ərzində müxtəlif siniflərdə şagirdlər müəllim simasında çıxış edirlər.Onlar müəllim kimi davrananda müəllimlik sənətinin nə qədər məşəqqətli,məsuliyyətli olduğunu daha yaxşı dərk edirlər.