Valideyin iclası keçirilib

Fevralın 27-də Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyinin iştirakı ilə valideyn iclası keçirilib. Məktəbin direktoru Şəfəq İbişova valideynləri salamlayaraq iclasın məqsədi haqqında məlumat verib.
Tədbirdə şagirdlərin I yarımil üzrə dərs müvəffəqiyyəti, nizam-intizam qaydaları, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi və digər vacib məsələlər müzakirə edilib. Direktor valideynləri məktəbin təlim-tərbiyə işlərində daha fəal iştirak etməyə çağırıb və onların suallarını cavablandırıb. Bildirilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına, neqativ halların aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Bu prosesdə valideynlərlə əməkdaşlığın rolu mühümdür.
Eyni zamanda məktəbin keyfiyyət göstəriciləri, 4 və 6-cı siniflərdə tədris ilinin sonunda keçiriləcək monitorinqlər barədə məlumat verilib. Rəqəmsal platformada qeydiyyat məsələsi də müzakirə edilib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və valideynlərin təklif və iradları dinlənilib.