HAQQIMIZDA

Bakı şəhəri Suraxanı rayonu Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəb Hövsan qəsəbəsi Cəbrayıl Xanməmmədov küçəsində yerləşir. 76 nömrəli məktəb 1975-ci ildə tikilmiş və 1976-cı ildə fəaliyyətə başlamışdır. 2013-ci ildə məktəb dövlət proqramı əsasında tam əsaslı təmir olundu və yüksək səviyyədə şagirdlərə, müəllimlərə və valideynlərə təhvil verildi. Məktəbin binası 3 mərtəbəli əsas və ikimərtəbəli əlavə korpusdan ibarətdir. Məktəbdə 44 sinif otağı o cümlədən, fizika, biologiya, kimya, tarix, informatika, əmək kabinetləri, eyni zamanda kitabxana, akt zalı, idman zalı, yeməkxana, tibb otağı fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Məktəb 5 günlük və iki növbəli iş rejimində çalışır. Gündəlik dərslərin miqdarı 5-8 saatdır. Bir dərs saatı 45 dəqiqədir. Hazırda məktəbdə 9 nəfər rəhbər işçi,  28 nəfər texniki işçi çalışır. Hər iki bölmə üzrə 2412 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 126  nəfər yüksək ixtisaslı müəllimlər məşğul olur. Son 5 ildə məktəbin pedaqoji kollektivinin hər bir üzvü, ölkədə gedən quruculuq işlərində, eləcə də dövlət rəhbərinin məktəblərə göstərdiyi diqqət və qayğıya cavab olaraq bütün yerli və Beynəlxalq treninqlərdə, konfranslarda, sərgilərdə, kurikulum islahatının uğurla həyata keçməsində yaxından iştirak edir. Metodiki işin müasir tələblər səviyyəsində qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, yayılması və işdə tətbiq edilməsi il ərzində həyata keçirilir. Bu baxımdan fənn aylıqları, açıq dərslər, nümunəvi elektron dərslərin hazırlanması və respublika səviyyəsində yayılması diqqət mərkəzində olur. Məktəbin müəllimlərinin İKT – dən istifadə bacarıqlarının artırılması məqsədilə onların tam əksəriyyətinin “İntel”, “Mədəd” kurslarına cəlb olunması işlərinin səmərəsini artırmışdır. Müəllimlər mütəmadi olaraq ixtisasartırma və kurikulum kurslarında iştirak edirlər. 2016/2017-ci tədris ilindən etibarən məktəbimizdə məktəbəhazırlıq qrupları, 2017/2018-ci tədris ilindən etibarən isə təmayül siniflər fəaliyyət göstərir. Belə ki, ötən dərs ilində məktəbi bitirən 84 məzundan 49 nəfəri ali məktəbə sənəd vermiş.Onlardan 35 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Qəbul olunanlar arasından 1 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir. Keçən tədris ilində məktəbin IX sinif şagirdi Rüstəmova Sevinc fənn olimpiadalarının Respublika turunda tarix fənnindən I yerə, IX sinif şagirdi Heydərova Nuranə Azərbaycan dili fənnindən I yerə, Heydərova Elanə Tarix fənnindən III yerə layiq görüldüklərinə görə qızıl medalla təltif olunmuşdu. 2016/2017-ci dərs ilində məktəbin VII sinif şagirdi Nurəhmədov Təbriz Riyaziyyat fənni üzrə fənn olimpiadasının Respublika mərhələsində III yeri 2017/ 2018-ci il Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olipiadasının qalibi olmuşdur. 2022/2023-cü tədris ilində məktəbi bitirən 83 nəfər məzundan 54 nəfəri ali məktəblərə qəbul olunmuş, 3 nəfər 600 baldan yüksək nəticə göstərmişdir. IX sinif şagirdi Abuşov Sübhan Ayvaz oğlu Tarix fənni üzrə fənn olimpiadalarının Respublika mərhələsində III yeri tutaraq bürünc medal qazanmışdır. XI sinfi bitirən məzun Nurəhməd Təbriz Rüstəm oğlu məktəbin tarixində ilk dəfə olaraq gümüş nişan və xüsusi nümunəli attestata layiq görülmüşdür. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi