Şəhid Rasim Məmmədovun anım günü qeyd olunub
Sentyabrın 23-də 76 nömrəli tam orta məktəbin 2 e sinif müəllimi Arifə Quliyevanın təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı sentyabrın 19-da Xocavənd rayonu ərazisində düşmənin mina terroru nəticəsində şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunan şəhid Məmmədov Rasim Oktay oğlunun anım gününə həsr olunmuş sinif təşkilat saatı keçirilmişdir.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsindən ibarətdir.
Sinif təşkilat saatında məktəbin rəhbərliyi, müəllim və şagirdlər, iştirak etmişdir. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid anası Xuraman Məmmədova çıxış edərək şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Şəhidin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Şəhidimizin anım günündə şagirdlər şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər, mahnılar söyləyib, səhnəciklər nümayiş etdirdilər.