Şəhid məzun Eissavi Muhammədin anım günü qeyd olunub
Noyabrın 6-da 76 nömrəli tam orta məktəbdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan məktəbin şəhid məzunu Eissavi Muhamməd Mazen oğlunun anım günü qeyd olunub.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şəhidin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Sonra məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirdə Suraxanı RİH-nin əməkdaşı Anar Əsədullayev çıxış edərək şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını diqqətə çatdırıb.
Muhammad Eissavinin müəllimləri onun keçdiyi ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyilə gənclərə örnək olduğunu bildiriblər. Məktəbin direktoru Şəfəq İbişova və digər qonaqlar çıxışlarında şəhidlərimzin gələcək nəsillər üçün örnək olduğunu vurğulayaraq Şəhidlərimizə Allahdan rəhmət diləyiblər.