“Ana dilimiz milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib

Məktəbin illik Fəaliyyət planına uyğun olaraq dil-ədəbiyyat aylığı çərçivəsində fevralın 10-da Azərbaycan dili müəllimi Qəndab Quliyevanın təşkilatçılığı ilə Beynəlxalq Ana Dili gününə həsr olunmuş “Ana dilimiz milli sərvətimizdir” mövzusunda maarifləndirici “dəyirmi masa” keçirilib.
Tədbirin əsas məqsədi ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, gənc müəllimlərə çatdırmaq, yeniliklər barədə onları maarifləndirməkdir.
Tədbirdə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bioloji, humanitar və ictimai elmlər şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadə, Bakı Dövlət Universitetinin kafedrasının dosenti Pərvin Eyvazov, məktəbin rəhbərliyi və dil-ədəbiyyat müəllimləri iştirak edib.Tədbirdə dil haqqında dəyərli fikirlərdən, ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən geniş bəhs edilib. Müəllimlərin mövzu ilə bağlı çıxışları dinlənilib və müzakirələr aparılıb.