“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başa çatıb
Noyabrın 21-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başa çatıb. Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunub. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
Bu ilki "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində rayonumuz mühtəşəm qalibiyyət əldə etmişdir. Üç yerin hamısına Sabunçu rayonu layiq görülmüşdür. O cümlədən, məktəbimizi 10 a sinif şagirdi Həsənova Səriyyə Nəsiman qızı təmsil edərək 1-ci yerə layiq görülən şagirdlər sırasında yer tutmuşdur.
Qeyd edək ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Aksiya çərçivəsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçirilib, qaliblərə xatirə hədiyyələri verilib, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil olunub.