Ümumi təhsil müəssisələrində Ümumxalq Hüzn Günü
Məktəbdə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirlərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışılıb. Bildirilib ki, keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi hər zaman bəşər tarixində qara səhifə olaraq qalacaq. Məktəblilərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edilib.
Tədbirlərdə şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.Həmçinin Ümumxalq Hüzn Gününə dair divar qəzetləri, stendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.
20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar şagird və müəllimlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
Qeyd edək ki, yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər də keçirilib.