"Gənclərin arzularını dünya miqyasında səsləndirmək mənim üçün şərəfdir." - Şagirdimizin uğur hekayəsi.

Aymar Babayev: "Bizim səsimiz və düşüncələrimiz hər zaman dinlənilməlidir"

Bakıdakı Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Aymar Babayev, uşaq yaşlarından yüksək bilik və bacarığı ilə diqqət çəkib. Musiqi sahəsində ilk uğurunu qazanan Aymar, daha sonra beynəlxalq tədbirlərdə və BMT-nin müxtəlif proqramlarında fəal iştirak edib. 2023-cü ildə BMT-nin gənc xoşməramlı səfiri seçilən Aymar, həm ölkəmizi, həm də dünya səviyyəsində gənclərin maraqlarını təmsil edir.

Aymar, məktəbdə rus bölməsində təhsil alır və Azərbaycan, türk, ingilis, rus, alman, fransız dillərində sərbəst danışır. O, dillərin həyatımıza olan təsirini belə izah edir: “Hər yeni dil, dünyagörüşümüzü genişləndirir, müxtəlif mədəniyyətləri mənimsəməyə imkan yaradır.”

İlk dəfə 13 yaşında ictimai fəaliyyətə başlayan Aymar, BMT-nin Model UN proqramında iştirak edərək, gənclərə liderlik, ictimai danışıqlar və konfliktlərin həlli üzrə təlimlər keçir. O, BMT-nin Məskunlaşma Proqramı və “Global Peace” təşkilatında da fəaliyyət göstərir. Bu fəaliyyətləri onun beynəlxalq səviyyədə təmsilçiliyi üçün geniş imkanlar açıb.

Aymar, 2023-cü ildə Meksikada BMT-nin Ümumdünya Məskunlaşma Günü tədbirində çıxış edərək, “Gənclər tərəfindən və gənclər üçün dayanıqlı urbanizasiya” mövzusunda müzakirələr aparıb. Həmin tədbir ərzində Meksikanın hökumət nümayəndələri və Azərbaycanın Meksikadakı səfiri ilə görüşlər keçirib. 2024-cü ilin oktyabrında isə Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan BMT Modeli konfransında iqlim dəyişikliyi mövzusunda çıxış edib, seminarlar keçirib.

Aymar, beynəlxalq tədbirlərdə çıxışları ilə diqqət çəkir: “Arzularımın ən böyüyü Azərbaycan gəncini dünyada layiqincə təmsil etməkdir. Bu, mənim üçün şərəfdir.”

Bu ilin noyabrında, Aymar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP 29) iştirak edib və iqlim dəyişikliyi mövzusunda çıxışlar edib. O, çıxışında gənclərin ekoloji problemlərə qarşı birləşməsinin əhəmiyyətini vurğulayıb.

“Məktəb rəhbərliyi və ailəm hər zaman məni dəstəkləyir” deyən Aymar, məktəbdə Kiçik Akademiyanın sədri olaraq şagirdlərə elmi-tədqiqat işlərində kömək edir və fəaliyyətlərinin öhdəsindən uğurla gəlir.

Aymar gələcəkdə həkimlik sənətinə yiyələnərək, xalqına faydalı xidmət göstərməyi arzulayır: “Biz gənclər öz bilik və potensialımızla böyük işlər görə bilərik. Hər zaman öz üzərimizdə işləməliyik.”

Aymarın məqsədi, sadəcə bilik əldə etmək deyil, həm də bu bilikləri ölkəmiz və dünya üçün faydalı şəkildə istifadə etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi