FƏXRİMİZ

    Hüseynov Məmməd Abbas oğlu (təxəllüsü: Məmməd Rahim) azərbaycanlı şair, dramaturq, tərcüməçi , 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan xalq şairi (1957), Azərbaycanın Əməkdar incəsənət xadimi (1940), Dövlət mükafatı laureatı (1949) olmuşdur.

    O, 1907-ci ildə aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində anadan olmuşdur. 1917-ci ildə atası rəhmətə gedəndən sonra dəmiryol xidmətçisi işləyən böyük qardaşının himayəsində yaşamışdır. Bakıda orta məktəbi bitirdikdən sonra 1928-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun şərqşünaslıq fakültəsinə daxil olmuş, eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir. 1926-cı ildə ilk şeiri “Gördüm”, 1930-cu ildə isə ilk şeir kitabı –“Arzular” çap olunmuşdur. İlk  pedaqoji fəaliyyətinə 1931-1935-ci illərdə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır. Bu dövrdə dövri mətbuatda fəal çıxış etmişdir. 1938-1940-cı illərdə Yazıçılar İttifaqında poeziya bölməsinin rəhbəri, 1941-1946-cı illərdə müdafiə bölməsinin rəhbəri olmuşdur.

    1946-cı ildən isə yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1947-1950, 1951-1952). Yaradıcılığında “Xaqani” (1955) mənzum dramı, “Sayat Nova” (1956), “Natəvan” (1962) poemaları mühüm yer tutmuşdur. Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov və digər şairlərdən tərcümələr etmişdir. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə edilmişdir. İki dəfə Lenin ordeninə (1945, 1967), “Oktyabr İnqilabı” (1977), “Qırmızı Əmək bayrağı” (1965) ordenlərinə və medallara layiq görülmüşdür. 1977-ci ildə mayın 6-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi