7 nömrəli tam orta məktəbdə “Maşa və ayı” cizgi serialının Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum nağılının motivləri əsasında çəkilmiş növbəti bölümünün təqdimatı təşkil olunub
Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə “Maşa və ayı” cizgi serialının Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum nağılının motivləri əsasında çəkilmiş növbəti bölümünün təqdimatı təşkil olunub.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir Abdulla Şaiqin mənzil-muzeyinin və 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə məktəbin direktoru Könül Təhməzova çıxış edərək, birgə əməkdaşlığa görə Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadəyə təşəkkürünü bildirərək, məmnunluğunu dilə gətirib.
Məktəb direktoru qeyd edib ki, nəsillərin tərbiyəvi əsərlər müəllifi olan Abdulla Şaiq istər əvvəlki, istərsə də daha sonrakı nəsillər tərəfindən sevilib və seviləcək.
İctimai TV-nin nümayəndələri Cavid Abbasovla, Ramina Əliyeva böyük tamaşaçı auditoriyasına malik cizgi serialında Azərbaycan nağıllarından bəhs olunmasının Azərbaycan folkloru, ədəbiyyatı və mədəniyyətinin yeni nəsil uşaqlara çatdırılması, xarici ölkələrdə təbliğ olunması yolunda böyük əhəmiyyətə malik önəmli hadisə olduğunu qeyd ediblər. Vurğulanıb ki, Rusiyanın “Animakkord” studiyasında istehsal edilən cizgi serialında Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum hekayəsi, Azərbaycan nağılı “Cırtdan” Maşanın dilindən nəql edilir. “Maşa və ayı” cizgi serialı ölkəmizdə yeganə yayım hüququna malik olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən Azərbaycan dilinə dublyaj edilib.
Muzeyin direktoru Ülkər Talıbzadə məktəbin direktoruna, eyni zamanda İTV-nın nümayəndələrinə muzeyin bir neçə nəşrlərini hədiyyə edib
Sonda “Maşa və ayı” cizgi serialının Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum nağılının motivləri əsasında çəkilmiş növbəti bölümü nümayiş olunub.