Aşqarlar Kimyası İnstitutu “Heydər Əliyev İli” çərçivəsində orta məktəblərin şagirdləri üçün “Açıq qapı” elan edib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu “Heydər Əliyev İli” çərçivəsində orta məktəblərin şagirdləri üçün “Açıq qapı” elan edib. Bu məqsədlə qəbul edilən Tədbirlər Planına uyğun olaraq 1 mart 2023-cü il tarixində Bakı şəhəri M.Rahim adına 7 nömrəli orta məktəbin 7 və 8-ci sinif şagirdləri məktəbin kimya müəllimi Səadət Nəcəfovanın təşkilatçılığı ilə Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.
Baş direktor Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətləri, institutda aparılan fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən, İnstitutda çalışmış və dünyasını dəyişən Azərbaycanın görkəmli kimyaçı alimləri kimi – akademik Əli Quliyev və akademik İzzət Orucova haqqında, o cümlədən özünün keçdiyi elm yolundan danışıb, uşaqlara öz məsləhətlərini verib və qeyd edib ki, belə görüşlərin məktəblilərin elmə həvəsləndirilməsində rolu böyükdür.
Sonra şagirdlərin sualları cavablandırılıb.
Şagirdlər İnstitutun gənc alimlərindən – kimya üzrə fəlsəfə doktoru Səbiyə Osmanova, Günay İsmayılova, Mənsurə Hüseynova, Lalə Əliyeva və Sevinc Talıblının təqdimatlarında laboratoriyalarda müasir fiziki-kimyəvi cihaz və avadanlıqlarla tanış olublar, bəzi əyləncəli-öyrədici təcrübələri izləyiblər.