Ümumdünya Mülki Müdafiə Günü

Fevralın 28-i məktəbdə 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirib.
Tədbirdə məktəbin MM rəhbəri Tünzalə Zeynalova, MM nin qərargah rəisi Fatimat Əliyeva, hərbi rəhbər Samir Daşdəmirov, şəxsi heyət və digər cavabdeh əməkdaşlar iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd şagird təhlükəsizliyinin təminatı üçün xüsusi hallarla bağlı o cümlədən fövqəladə hallar zamanı baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı davranış qaydalarını şagirdlərə öyrətməkdən ibarət olub.
Şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zamanı davranış qaydaları haqqında məlumat verilib. Onlara əleyhqaz, yanğınsöndürmə balonu və digər vasitələrdən istifadə qaydaları izah edilib.
Daha sonra şagirdlər ilkin tibbi yardım haqqında danışıb və sarğının qoyulma qaydasını göstərib.
Sonda yanğınsöndürmə balonunun istifadə qaydası əyani şəkildə şagirdlərə nümayiş etdirilib.