Qubadlı şəhəri günü!
Bu gün 25 oktyabr 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri hesab edilən Qubadlının azad olunduğu gündür.
Məktəbin təşkilatçısı Əhmədoğlu Sevinc və Azərbaycan dili müəllimi Kazımova Günayın iştirakı ilə 7”Ə” sinfində Qubadlı şəhəri gününə həsr olunmuş sinifdaxili tədbir keçirilib.
Tədbirdə çıxış edən Günay müəllim bildirib ki, Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri olub. Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb və nəhayət Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.Daha sonra şagirdlər şeirlər səsləndirib, Qubadlı uğrunda döyüşlərdə şəhid olan hərbiçilərimiz haqqında hazırladığı təqdimatları nümayiş etdirib və səhnəcik göstəriblər. Qubadlının işğaldan azad olunmasının elan olunduğu günə aid videolar nümayiş edilib. Qubadlı şəhərində aparılan abadlıq-quruculuq işlərindən göründüyü kimi Qubadlının yaxın gələcəkdə ölkəmizin ən inkişaf etmiş rayonlarından biri olacağına inanırıq.