Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş təlim

     Noyabrın 29-da məktəbdə Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş yanğın zamanı hərəkətlər və təxliyə planına dair təlim keçirilib.

     Təlimin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti vərdişlərini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirmək, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinə və hadisələrə qarşı məktəbliləri psixoloji cəhətdən hazırlamaqdan ibarətdir.

  Məktəbdə keçirilən təlimdə Fövqəladə Hallar Nazirliyinin (FHN) İdarə rəisinin müavini, polkovnik Məhbubə Mustafayeva, Nəsimi RDYMH-nin rəis müavini daxili xidmət baş leytenantı Şəmsəddin Gəncəliyev, İctimaiyyətlə əlaqə idarəsinin əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin rəisi, kapitan Fəxri İsmayılov və  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak edib.

    Təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb. Şərti yanğın baş vermiş məktəbdə insanların təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

FHN-nin canlı qüvvə, müvafiq texnika və avadanlıqlarının cəlb edildiyi təlim uğurla başa çatdırılıb.

    Tədbirdə məktəbin direktoru Sevinc Budaqova və Fövqəladə Hallar Nazirliyinin (FHN) İdarə rəisinin müavini, polkovnik Məhbubə Mustafayeva çıxış edərək ümumi təhsil müəssisələrində fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları, bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi