"Zəfər günü" münasibətilə keçirilən tədbirə müharibə iştirakçıları Emin Abdinov və Kamran Məmmədov dəvət olunmuşdular

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Və beləliklə 8 noyabr tarixi Azərbaycan xalqının tarixinə böyük hərflərlə yazılaraq "8 Noyabr-Zəfər Günü" oldu.
Məktəb kollektivi olaraq bu günə xüsusi önəm verərək ardıcıl olaraq bir neçə tədbirlər hazırlamışıq. Onlardan ilki 4C sinfində baş tutdu. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova, musiqi müəllimi Gülnarə Kərimova, uşaq birliyi rəhbəri Süsən Məmmədova və valideynlər iştirak edirdi. Tədbirə qonaq qismində müharibə iştirakçıları dəvət olunmuşdular. Onlar Ağdam, Ağdərə və Suqovşan uğrunda döyüşən Emin Abdinov və 2016-cı ildə Talışkənd və Suqovşan, 2020-ci ildə isə Füzuli, Zəngilan və Cəbrayıl uğrunda döyüşən Kamran Məmmədov idi. Öz döyüş yolları haqqında məlumat verən müharibə iştirakçılarımız çox səmimi yaranan mühitdə şagirdlərin suallarını cavablandırdılar. Uşaqları maraqlandıran suallar əsgərlərin neçə müddət ac qalmaları, yatmaq üçün uyğun yerlərinin olub-olmaması, yaralı yoldaşalrına necə kömək etdikləri idi. Çox böyük səbrlər sualları cavablandıran qonaqlarımız uşaqların maraqlarını qismən ödəyə bilmişdilər.
Sinif rəhbəri Yekaterina Puzanova qonaqlara dərin minnəttarlığını bildirərək onlara təşəkkürnamələr, şagirdlər isə hazırlanan əl işləri verdilər. Yüksək emosiyaların hakim olduğu mühitdə şagirdlərimiz həmçinin şəhid olmuş müharibə iştirakçıları haqqında məlumatlar verdi, vətənpərvərlik ruhunda şeirlər söylədi, həmçinin marş sədaları altında addımlayaraq özlərini kiçik əsgərlər kimi hiss etdilər. Qonaqların da şagirdlərə hədiyyələri var idi, onlar hər bir şagirdə döş nişanı hədiyyə etdi, həmçinin üst geyimlərini şagirdlərin geyinməsinə icazə verdilər. Müharibə iştirakçılarımıza gündəliklərinin bu günki tarixini imzaladan şagirdlərin bu anı uzun bir müddət unutmayacaqları aşkardır. Tədbirin sonunda qonaqlar şagirdlərlə xatirə şəkilləri çəkdirdilər.