Şuşanın 270 anı...​

24 noyabr tarixində məktəbin akt zalında “Cəmiyyətin və Medianın inkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaşın “Şuşanın 270 anı” adlı bədii-sənədli filminin təqdimatı keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Məktəbin direktoru Sevinc Budaqova Lalə Azərtaşı məktəbin şagird və müəllim kollektivinə təqdim etdikdən sonra Lalə xanım açılış edərkən filmin ərsəyə gəlməsi prosesləri haqqında məlumat verərək, filmdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Onu da qeyd etdi ki, film “Cəmiyyətin və Medianın Inkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində çəkilib. Sonra isə filmin nümayiş olunması üçün kollektivdən icazə istədi.
 Filmin nümayişi sırasında tam sakitlik hökm sürən zalda duyğular bir-birinə qarışmışdı. Bir az kədərli, bir az qürurlandırıcı olan filmin nümayişi sırasında bəzi şagird və müəllimlərimiz göz yaşlarına hakim ola bilmədilər. Həm sevinc, həm kədər hissinin hökm sürdüyü dəqiqələrdə hər kəs filmin sonunun necə bitəcəyini səbrsizliklə gözləyirdi.
 Film bitdikdən sonra Lalə xanım uşaqların film haqqındakı düşüncələrini, onlarda filmin yaratdığı hissləri bilmək üçün bir neçə suallar verdi. Sualları cavablandıran şagirdlərimiz hisslərini tam anlamları ilə digər iştirakçılara çatdıra bildilər. Nümayişdən sonra musiqi müəllimi Kəmalə Qədimovanın köməkliyi ilə 4C sinif şagirdləri xorla “Sən qalibləsən” mahnısını ifa etdilər. Şagirdlərdən Parlanov Çingiz isə “Şəhid anası” şeirini səsləndirərək hər kəsi yenidən kövrəltdi.
 Sonra Sevinc Budaqova çıxış edərək şagirdlərə şanlı zəfərimiz barədə geniş məlumat verərək, onların hal-hazırda qarşısında duran əsas hədəfin dərslərini yaxşı səviyyədə oxuyaraq vətən və millət üçün yararlı vətəndaş olaraq, vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə hörmət edərək böyümələri olduğunu vurğuladı. Həmçinin məktəbimizdə 27 ildir pedoqoji fəaliyyətini davam etdirən, 1-ci Qarabağ şəhidi Namiq Zalovun həyat yoldaşı Nəzirə Zalovaya söz verildi. Əslən Şuşadan olan Nəzirə xanım film haqqında, Şuşa şəhəri haqqında, Şuşaya sonuncu dəfə 4 günlük səfəri haqqında təəssüratlarını izləyicilər ilə bölüşdü. Qarışıq duyğularda olan Nəzirə xanımın qürur və həyəcanı səsləndirdiyi hər sözdə hiss olunurdu. Onu da qeyd edək ki, Nəzirə xanımın nəvəsi, şəhid Namiq Zalovun adını daşıyan balaca Namiq Zalov məktəbimizin 3Ç sinfində təhsil alır.
Qonaq qismində iştirak edənlər arasında məktəbimizin məzunu olan şəhid Ceyhun Useynovun anası çox dəyərli Kəmalə xanım da var idi. Kəmalə xanım filmin nümayişindən sonra Lalə xanımla xatirə şəkilləri çəkdirdi. Xəzər televiziyasının redaktoru, filmin ideya müəllifi və redaktoru Kərəm Ələsgərov da qonaqlarımız arasında idi.
Digər dəyərli qonağımız isə əslən Şuşadan olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin nümayəndəsi Xədicə Məmmədova idi. O, “Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Bu cür tədbirlərin keçirilməsinin məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu olduğunu qeyd etdi. 3 yaşından Şuşanı görmədiyini vurğulayan Xədicə xanım bu həsrətin artıq bitdiyini qeyd edərkən göz yaşlarını saxlaya bilməyərək ağladı.
 Sonda Sevinc xanım başda Lalə xanım olmaqla gələn bütün qonaqlara öz dərin təşəkkürünü bildirdi və hər kəslə xatirə şəkilləri çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi