1-ci qrant müsabiqəsinin qalibi
Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə 1ci qrant müsabiqəsində qalib olan layihələrdən biri “Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsidir. Layihənin rəhbəri məktəbin psixoloqu Jalə Məmmədovadır. Layihənin əsas məqsədi region orta məktəb psixoloqlarının praktiki bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdır. Layihə çərçivəsində 3 regionda seminarlar keçirilib. Ilk olaraq Mingəçevir şəhərində təlim seminar keçirildi. Seminara Yevlax və Agdamdan da psixoloqlar qatılmışdır. Ikinci görüş Ucar rayon psixoloqları ilə keçirildi. Seminarlarin ilk iki günü psixoloqlara müxtəlif yaş dövrlərində uşaqlarda rast gəlinən davranış pozuntuları, nitq qüsurları və inkişaf ləngimələri haqda məlumatlar verildi. Məktəb şəraitində belə şagirdlərlə necə işləmək lazım olduğu ilə bağlı diskusiyalar aparıldı. Bundan başqa mövzu ilə bağlı film nümayiş olundu, qrup çalışması həyata keçirildi və yeni fikirlər müzakirə olundu. Seminarın 3-cü günü isə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə və Ucar şəhər 3 saylı tam orta məktəbdə valideynlər və şagirdlərin iştirakı ilə praktiki hissə təşkil olundu. Bu görüşlərdə valideynlərin narahatlıqları dinlənildivə onlara proqramlı şəkildə ev şəraitində uşaqla necə işləməklə bağlı müəyyən istiqamətlər verildi. Sonda bütün iştirakçı psixoloqlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Layihənin müddəti 3 aydır.